
Yaxşı xatırlayıram, kəndimizdə olan toylarda tez-tez avtomat silahlardan havaya atəşlər açılardı. Başıpozuq dəstələr və ayrı-ayrı şəxslər özbaşınalıq edir, hər yerdə dərəbəylik və hakimiyyətsizlik hökm sürürdü. Tez-tez atamdan bu cümləni eşidirdim: "Bizi ancaq bu vəziyyətdən Heydər Əliyev xilas edə bilər”. Atamın Heydər Əliyevə və onun ailə üzvlərinə olan sevgisi o qədər çox idi ki, bunu sözlə ifadə etmək mümkün deyildi və bu sevgi mənə də keçmişdi. Təsadüfi deyil ki, bu sevgiyə görə atam qardaşımın adını İlham qoymuş, hətta vəsiyyətinə uyğun olaraq, qardaşım oğluna da Heydər adı verilmişdi.


Təsadüfi deyil ki, Leyla Əliyeva "Elegiya” şeirində babasını bir dağa bənzətmişdir. Bəli, Heydər Əliyev doğrudan da küləklərin təsir edə bilməyəcəyi möhtəşəm bir zirvə idi. Uca zirvələr isə uzaqdan daha aydın görünür. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən anlayırıq. Heydər Əliyevin millətimiz qarşısında ən böyük xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra xalqımız üçün layiqli varis qoymasıdır. Ümummilli lider ömrünün son günlərində yazırdı: "Mən İlham Əliyevə özüm qədər inanıram”. O, İlham Əliyevin Azərbaycanı daha parlaq gələcəyə aparacağına əmin idi. Heydər Əliyev hər bir şeydə olduğu kimi, bu fikirlərində də tam haqlı çıxdı. İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi.

Ruhiyyə Əliyeva,
Yeni Azərbaycan Partiyasının üzvü