Özünü "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən şəxsin vətəndaşdan yüz manat pul aldığı iddia edilir.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Görüntüləri lentə alan vətəndaş iddia edir ki, özünü "Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxs onların evinə gəlib və yaşlı anasını təhdid edərək ondan qanunsuz əsaslarla yüz manat alıb:
"Azərsu”nun əməkdaşı kimi evimizə gələn şəxs anam Familə Gəncin qızı Rəhimovadan yüz manat pul tələb edib. Onu məhkəmə, polislə hədələyib. Pulu hansı səbəbdən aldığını bilmirik, deyib ki, sizin həyətiniz böyük olduğu üçün pul ödəməlisiniz. Anam da pulu verib. Lakin məsələ ictimailəşəndən və aidiyyəti qurumlara məlumat verəndən sonra onlar bizə gələrək aldıqları pulu geri qaytarıblar”.
Məsələ ilə bağlı açıqlama verən "Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, bununla bağlı müvafiq rayon şöbəsinə məlumat verilib, araşdırma aparılır.