Venesuela müxalifətinin lideri Xuan Quaido 23 yanvar 2019-cu il tarixində özünü ölkə prezidenti elan edib. Bu Venesuelada keçirlimiş çoxsaylı etiraz mitinqi zamanı baş verib.
Bəs Xuan Quiado kimdir?
Xuan Xerardo Quaido Markes 28 iyul 1983-cü ildə Venesuelanın La-Quayra şəhərində doğulub. 1999-cu ildə ştatda baş vermiş və 30 min nəfərin ölümünə səbəb olmuş torpaq sürüşməsi zamanı Quaidonun ailəsi sağ qalsa da evləri dağılmışdı. "Nyu-York Tayms” qəzetinə danışan Quaidonun dostu Xuan Karlos Miçinel deyib ki, Quaido məzun olduqdan sonra Meksikada yaxşı iş təklifi alsa da rədd edib. O, ölkəni dəyişdirmək üçün Venesuelada qalacağını bildirib. Quaido 2007-ci ildə Andres Bello adına Katolik Universitetinin sənaye mühəndisliyi fakultəsini bitirib. Daha sonra ABŞ-da Corc Vaşinqton Universitetində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Universitetdə oxuyarkən siyasətlə məşğul olmağa başlayıb. 2009-cu ildə sol-mərkəzçi partiya olan "Xalq iradəsi” partiyasına daxil olub. 2010-2015-ci illərdə Venesuela parlamenti deputatının müavini kimi çalışıb. 2015-ci ildə Varqas ştatından parlamentə deputat seçilib. Maduro hökuməti ilə bağlı korrupsiya faktlarının təhqiqatını aparıb.
Prezident Maduro 2015-ci ildə keçirilmiş seçkilər zamanı parlamentdə hakim çoxluğu itirir. Maduro 2017-ci ildə bu parlamenti buraxaraq yeni Konstitusiya üçün qurucu Məclis yaradacağını elan edir. Müxalifət bu seçkini boykot edir və nəticədə yeni parlament tamamilə hakim partiya üzvlərindən ibarət olur. 2017-ci ildə buna etiraz edən və xalqı küçələrə çağıran müxalifət liderləri arasında Quaido da vardı. Bu etirazlar zamanı atılan rezin güllələrdən biri Quaidonun boğazına dəyib. 2018-ci ildə Venesuela müxalifətinin yaratdığı "Demokratik birliyin dəyirmi masası” koalisiyasının rəhbəri təyin edilib.
5 yanvar 2019-cu ildə Venesuela parlamenti sədrinin müavini vəzifəsini tutub. 23 yanvarda Venesuelanın müvəqqəti prezidenti kimi and içib. /// Strateq.az