“Özünüzü həvəssiz və yorğun hiss edirsinizsə...” – Psixoloqdan XƏBƏRDARLIQ

“Özünüzü həvəssiz və yorğun hiss edirsinizsə...” – Psixoloqdan XƏBƏRDARLIQ
SOSİAL
12:35 02.09.2026
87

Havaların soyuması ilə insanların gündəlik həyatında olduğu kimi, əhval-ruhiyyəsində də müəyyən dəyişikliklər müşahidə olunur.

Soyuq hava, günəşli saatların azalması və insanların açıq havada daha az vaxt keçirməsi bəzi şəxslərdə əhval dəyişikliklərinə səbəb ola bilər.

Maraqlıdır, havaların soyuması insanın psixoloji vəziyyətinə necə təsir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, havaların soyuması insanın əhval-ruhiyyəsinə həm bioloji, həm psixoloji, həm də sosial mexanizmlər vasitəsilə təsir göstərə bilər:

"Havaların soyuması insanın əhval-ruhiyyəsinə və ümumi psixoloji vəziyyətinə həm bioloji, həm psixoloji, həm də sosial mexanizmlər vasitəsilə təsir göstərir. Burada əsas amil təkcə temperaturun aşağı düşməsi deyil. Payız və qış aylarında gündüz saatlarının qısalması, günəş işığının azalması, insanların açıq havada və sosial mühitdə daha az vaxt keçirməsi də mühüm rol oynayır. Günəş işığının azalması orqanizmin bioloji ritminə təsir edir. Gün ərzində kifayət qədər təbii işıq alınmadıqda bəzi insanlarda səhər oyanmaq çətinləşir, gün ərzində yuxululuq, enerji azalması, tez yorulma və diqqəti toplamaqda çətinlik yaranır. Bu dəyişikliklər emosional vəziyyətə də təsirsiz ötüşmür. İnsan özünü daha həvəssiz, passiv, kədərli və gündəlik işlərə qarşı maraqsız hiss edə bilər.

Soyuq havalarda insanların həyat tərzi də müəyyən qədər dəyişir. Açıq havada gəzinti, idman və digər fiziki fəaliyyətlər azalır, evdə qalma müddəti artır. Bu isə sosial münasibətlərin məhdudlaşmasına və monotonluq hissinin güclənməsinə səbəb ola bilər. Xüsusilə tək yaşayan, sosial dəstəyi zəif olan, yüksək iş yükü altında çalışan və əvvəldən narahatlıq və ya depressiv əlamətlər yaşayan insanlar mövsümi dəyişikliklərə qarşı daha həssas ola bilirlər”.


Psixoloqun sözlərinə görə, bəzi insanlarda mövsüm dəyişiklikləri sadəcə bir neçə günlük əhval dəyişikliyi yaratsa da, digərlərində daha uzunmüddətli problemlərə səbəb ola bilər:

"Bəzilərində isə hər il eyni mövsümdə təkrarlanan və daha uzun müddət davam edən mövsümi depressiv əlamətlər yarana bilər. Davamlı kədər, əvvəl zövq alınan fəaliyyətlərə marağın itməsi, həddindən artıq yatmaq istəyi, iştahanın artması və ya azalması, diqqət zəifliyi, sosial münasibətlərdən uzaqlaşma, ümidsizlik və gündəlik fəaliyyətdə nəzərəçarpacaq geriləmə buna işarədir. Belə halları "hava soyuyub, keçib gedəcək” deyərək diqqətdən kənarda saxlamaq düzgün deyil”.

E.Rüstəmov qeyd edib ki, havaların soyumasının hər kəsə mənfi təsir etdiyini söyləmək olmaz:

"İnsanların xarakteri, həyat tərzi, gündəlik rejimi və soyuq havaya münasibəti fərqlidir. Bəzi insanlar payız və qış aylarında özlərini daha sakit, məhsuldar və rahat hiss edirlər. Evdə vaxt keçirmək, mütaliə etmək, ailə ilə ünsiyyətdə olmaq və daha planlı yaşamaq onlar üçün müsbət emosional mühit yaradır.

Mövsümi əhval dəyişikliklərinin qarşısını almaq üçün gündüz saatlarında açıq havada olmaq, xüsusilə səhər saatlarında təbii işıqdan yararlanmaq vacibdir. Hava soyuq olsa belə, gündəlik qısa gəzinti və müntəzəm fiziki aktivlik enerji səviyyəsinin qorunmasına kömək edir. Yuxu rejimini pozmamaq, balanslı qidalanmaq, yaxınlarla ünsiyyəti davam etdirmək və günü əvvəlcədən planlaşdırmaq da psixoloji tarazlığı gücləndirir”.

Psixoloq vurğulayıb ki, əhval-ruhiyyədəki dəyişikliklər uzun müddət davam edərsə, bunun yalnız havaların soyuması ilə əlaqələndirilməsi doğru deyil:

"Əgər ruh düşkünlüyü, yorğunluq, maraq itkisi, yuxu və iştaha dəyişiklikləri iki həftədən artıq davam edir, insanın işinə, təhsilinə, ailə münasibətlərinə və gündəlik həyatına ciddi təsir göstərirsə, mütəxəssisə müraciət etmək məqsədəuyğundur. Çünki belə əlamətlərin arxasında yalnız mövsümi dəyişikliklər deyil, depressiya, narahatlıq pozuntusu, xroniki stress və ya müəyyən fiziki sağlamlıq problemləri də dayana bilər”.

 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR