xari

Günün mediası - sualdan cavaba doğru - Elçin Mirzəbəyli yazır

MEDİA
13:23 25.02.2021
202
Təxminən 12-14 illik bir zaman kəsiyində Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri "media necə olmalıdır” sualına cavab tapılması ilə bağlı olub. Bu mövzuda saysız-hesabsız müzakirələr aparılıb, toplantılar keçirilib, müsahibələr, açıqlamalar verilib, debatlar təşkil olunub, amma yenə də, ola bilsin ki, kimlərisə qane edən yekun cavab tapılmayıb. Çünki sualın qoyuluşu, ümumiyyətlə "media necə olmalıdır” sualına cavabın axtarılmasının özü belə yanlış olub. Və ya "media necə olmalıdır” sualına deyil, "Azərbaycanda media necə olmalıdır” sualına cavab axtarıldığı üçün nəticəyə varılmayıb. Bəlkə də məqsəd, sadəcə Azərbaycan mediasını bu sualın izi ilə yürütməkdən, dolanbaclardan keçirərək azdırmaqdan, başını özünə qatmaqdan ibarət olub. Məlum sualı atıblar "medianın ağzına” ki, işi-gücü elə sual çeynəmək olsun, başı özünə, öz daxilindəki problemlərin zərrəbinlə axtarılmasına yönəlsin və cəmiyyətin problemləri də qalsın bir kənarda…

Bu illər ərzində dünyanın heç bir ölkəsində "media necə olmalıdır” sualına cavab axtarılmayıb. Bu sualın cavabı media ilə birlikdə yaranıb, media necə lazımdırsa eləcə də var və onun özü cəmiyyəti narahat edən problemlərin, çatışmazlıqların axtarışındadır. Daha "mən necə olmalıyam” kimi boş və mənasız suallarla cəmiyyəti yükləmir, necə olmaq lazımdırsa elə də olur. Vəssalam!

Bu mənasız suallardan ən çox yorulan da elə medianın özüdür. İnkişafa xidmət etməyən, hədəfi vaxt xərcləməklə qazanmaqdan və qazandırmaqdan ibarət olan suallarla nə qədər uğraşmaq olar? Təkər icad etməyə ehtiyac yoxdur. Milli Mətbuatının 145-ci ildönümünü geridə qoymuş bir ölkədə "media necə olmalıdır” sualına cavab axtarmaqdan gülünc heç nə ola bilməz. Azərbaycanda bu qəbildən olan bütün sualların cavabı, əslində145 il və daha öncə verilib...
 
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu ildə qəbul etdiyi "Mətbuat haqqında Nizamnamə”nin (qanun) daha sonralar qardaş Türkiyənin "Mətbuat haqqında” qanunun əsasını təşkil etməsi, bizim bu sahədə nə qədər öndə olduğumuzu sübuta yetirən amillərdən biridir. Amma indi biz Türkiyə mediasından öyrənməyə çalışırıq. Çünki obyektiv və subyektiv səbəblərdən qardaş ölkənin mediası bizdən xeyli irlidədir və biz mənasız adamlarla mənasız suallara cavab axtaranda, onlar medianın müstəqil inkişafı üçün reklam bazarı, azad rəqabət mühiti formalaşdırır, sektorda ixtisaslaşma problemini həll edir, peşəkarlıqlarını artırır, inkişaf edirdilər.

Türkiyədə medianın inkişafına iki kopseptual istiqamət üzrə yanaşma var. Bunlardan birincisi, daha öncədən qeyd etdiyim kimi, medianın xüsusi statusa sahib biznes subyekti kimi müstəqil inkişafına xidmət edən, ölkədə uzun illərdən bəri mövcud olan liberal iqtisadi dəyərlərdən qaynaqlanan bir yanaşmadır və bu yanaşmanın təməl qayəsini güclü parlament və ictimai nəzarət müşahidəsi altında olan antiinhisar mexanizmləri, azad bazar münasibətləri, ədalətli rəqabət mühiti və müstəqil məhkəmələr təşkil edir. Digər yanaşma isə, media ilə bağlı həyata keçirilən sosial proqramlar, Türkiyə türklərinin təbirincə desək, ictimai nəzarətin olmazsa olmazlarından olan medianın gücdən düşməməsi, ayaqda qalması, əzilməməsi, ayrı-ayrı xarici və daxili qrupların əlində yumşaq güc, təzyiq və təhdid vasitəsinə çevrilməməsi üçün  formalaşdırılan ədalətli sosial dəstək mexanizmləridir. Bu mexanizmlərdən biri 1961-ci ildə yaradılan Basın (Mətbuat) Elan Qurumudur. Qurumun yaradılmasında məqsəd rəsmi elanların ədalətli və bərabər bir şəkildə qəzetlər arasında bölüşdürülməsindən ibarətdir. Qurumu bərabər sayda media, hökumət və bitərəflərdən ibarət Baş Heyət idarə edir. Qurumun Türkiyənin bütün bölgələrində şöbələri var və bu şöbələr vasitəsilə yerli qəzetlərə rəsmi elanlarla yanaşı, ciddi təşkilati, maddi-texniki dəstək verilir. Yerli biznes strukturlarının, bələdiyyələrin, dövlət qurumlarının reklam və elanlarının yerli qəzetlərdə yayımlanması üçün təbliğat və təşviqat işi aparılır. Rəsmi elanların Türkiyədə yayımlanan qəzetlər üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini müəyyənləşdirmək üçün rəqəmlərə müraciət edək: 2019-cu ildə Türkiyədəki qəzetlər arasında bölüşdürülən rəsmi elanların dəyəri 467 milyon Türk Lirəsi – 66714285 ABŞ dolları, yaxud 114 milyona yaxın AZN edib. Bu hansısa məchul ünvandan əldə edilmiş məlumat deyil, Türkiyə Basın Elan Qurumunun açıqladığı rəsmi rəqəmlərdir. Türkiyə mediasının nə üçün bu qədər güclü olduğunu və inkişaf etdiyini söyləmək üçün, bəzi xroniki "media ekspertləri” kimi ağıllı görkəm alıb uzun-uzadı danışmağa, yaxud yazmağa ehtiyac duymuram. Rəqəmlər hər şeyi deyir.

Azərbaycanda isə, az qala hər bir dövlət qurumun öz qəzeti, jurnalı, yaxud başqa bir informasiya resursu var. Bəziləri adlarını "təsərrüfat hesablı” qoyub, təsərrüf (qənaət) etmədən hesab silməklə məşğul olurlar. İşləyəndə də, əsasən onları yaxşıca "sıxışdırmağı” bacaran, peşəkar mediaya heç bir aidiyyatı olmayan, mahiyyət etibarilə kriminal ünsürlərlə "işləyirlər”. Sonra da palaz-palaz press-relizlərini, elanlarını göndərirlər KİV-ə ki, bəs sizin nəinki dədəmizə, bütün nəslimizə borcunuz var və "borcu” artıqlaması ilə ödəməlisiniz. Dünyanın hər yerində istər hökumət, istərsə də digər qurumların mətbuat xidmətləri mediaya minnətçi düşür, informasiyalarının yayımlanması, tədbirlərinin işıqlandırılması üçün dil-ağız tökür, Azərbaycanda isə əksinə mətbuat xidmətləri medianın boynuna minnət qoyur... Nə qədər ki, unutmamışam, qoy yazım: İndi ölkədə həyata keçirilməsi nəzərdə tutulan media islahatlarının ən  mühüm istiqaməti bu rəzalətə son qoyulması, qürursuz, prinsipsiz, ələbəxan, dilənçi "jurnalist ordusu”nun formalaşdırılmasına xidmət edən bütün "tələ”lərun sökülüb atılması olmalıdır!

...Yeri gəlmişkən, Türkiyənin Basın Elan Qurumu ilə eyni funksiyanı yerinə yetirən təsisatı Medianın İnkişafı Agentliyinin nəzdində də yaratmaq olar. Təbii ki, kommunikasiya və informasiya texnologiyalarının inkişafından irəli gələn çağırışlar da nəzərə alınmaqla...

Medianın İnkişafı Agentliyinə gəldikdə isə, düşünürəm ki, belə bir qurumun yaradılması ölkənin media sektorunda hökm sürən qurama "reallıqların” yerlə bir edilməsi, medianın  öz təməl prinsipləri, klassik ənənələri üzrənidən yeni çağırışlara cavab verməklə inkişafı baxımından alternativi olmayan bir addım idi. Bu başlanğıcdır, şübhəsiz. Nəinki islahatlar, hətta köhnə və saxta streotiplərin dağıdılması, medianın özünəqayıdışı belə vaxt aparacaq. Bu prosesdə yeganə doğru seçim islahatların hüquqi və çevik mexanizmlər vasitəsilə, ifratçılığa, radikalizmə yol vermədən, mövcud olanları bərpa və islah edərək,
modernləşdirərək, yenilərini stimullaşdıraraq irəliyə doğru aparılmasıdır. Müşahidələrimə görə, Medianın İnkişaf Agentliyi də, qarşılarına qoyulan vəzifələrə uyğun olaraq, məhz bu istiqamətdə irəliləyir.  

Elçin Mirzəbəyli
Əməkdar jurnalist

OXŞAR XƏBƏRLƏR