Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə vaxt imzalanacaq? - "Onlar şərtlərimizi qəbul etməlidir"

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə vaxt imzalanacaq? - "Onlar şərtlərimizi qəbul etməlidir"
SİYASƏT
12:56 23.05.2025
425
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında "Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq" fikrini səsləndirib.
 
Dövlət başçısı bir daha qeyd edib ki, Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır deyə bildirib.
 
Prezidentin səsləndirdiyi fikirlər barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlama verib.


Deputat açıqlamasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması üçün bu prosesə maneə ola biləcək amillərin aradan qaldırılmasının vacibliyini vurğulayıb:

"Azərbaycanın irəli sürdüyü şərtlər, əslində, sülh müqaviləsinin əsas müddəalarından qaynaqlanır. Bunlar prosesdən kənar tələblər deyil. Əgər sülh müqaviləsində dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıyıb dəstəklədiyi qeyd olunursa, bu halda bir dövlətin konstitusiyasında digər dövlətə qarşı ərazi iddialarının saxlanılması nonsensdir və heç bir məntiqə uyğun gəlmir.

Eyni zamanda, əgər Ermənistan hələ də Konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən Azərbaycan ərazilərinin ilhaqını nəzərdə tutan müddəanı saxlayırsa, bu, o deməkdir ki, işğala meylli və gələcəkdə Azərbaycan ərazilərini ələ keçirmək niyyətində olan bir ölkə ilə sülh müqaviləsinin imzalanması mümkün deyil.

Digər bir vacib məqam isə odur ki, Ermənistan Azərbaycanla münaqişənin başa çatdığını etiraf edib. Münaqişə artıq bitib, Azərbaycan öz əraziləri üzərində suverenliyini bərpa edib. Bu baxımdan, əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa, bu prosesə mane olacaq amillər tamamilə aradan qaldırılmalıdır. Bu maneələrdən biri də vaxtilə mövcud olmuş münaqişənin beynəlxalq müstəviyə daşınmasına xidmət edən, fəaliyyətində uğursuzluğa düçar olmuş ATƏT-in Minsk qrupudur. Ermənistan bu məsələnin sülh müqaviləsi ilə eyni vaxtda həll olunmasının zəruriliyini qeyd edir."

Elçin Mirzəbəyli əlavə edib ki, Ermənistan özünün məsuliyyətli və etibarlı bir dövlət olduğunu sübut etməlidir:

"Lakin ümumilikdə belə bir yanaşma Ermənistan tərəfindən etimadsızlığın nümayişi kimi qiymətləndirilməlidir. Əgər doğrudan da etimadsızlıqdan söhbət gedirsə, bu, ilk növbədə Ermənistana münasibətdə özünü göstərməlidir. Çünki Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb, ərazilərimizi viran qoyub, soydaşlarımızı köçkün salıb. 300 minə yaxın azərbaycanlı öz tarixi yurd yerləri olan Ermənistan ərazisindən qovulub. Azərbaycan xalqına qarşı soyqırımı törədilib.

Bütün bunlardan sonra Ermənistan Azərbaycanı inandırmalıdır ki, bundan sonra özünü etibarlı və məsuliyyətli bir dövlət kimi aparacaq. Təbii ki, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməlidir və yetirəcək. Bunun alternativi yoxdur."

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı AZXEBER.COM-a deyib ki, Ermənistan gec-tez Azərbaycanın şərtlərini yerinə yetirəcək: 


"Ermənistan şərtlərimizi kağız üzərində qəbul etmişdi. Amma reallıqda icra edilməli olan bu iki məsələ hələ də həll olunmamış qalmaqdadır. Təbii ki, bu iki məsələ də mütləq şəkildə icra olunacaq, çünki beynəlxalq hüquqa görə sülh müqaviləsini imzalayacaq tərəflər bir-birinin ərazilərinə rəsmən iddalı olmamalı və gələcəkdə yenidən narahatçılıq yaradacaq məsələləri gündəlikdən çıxartmalıdır.”

Deputat vurğulayıb ki, bu məsələlərin hələ də həll olunmamasının kökündə Ermənistandakı ictimai-siyasi vəziyyət dayanır:

"Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistanın radikal müxalifəti hər bir vasitədən istifadə etməklə Paşinyanı hörmətdən salmağa və onu dəstəkləyənləri öz tərəfinə çəkməyə çalışır. Ona görə də Paşinyanın bu iki şərtimizin icrasını yubatdığını hesab edirəm. Düşünürəm ki, bu məsələlərin hələ də həll olunmamasının kökündə Ermənistandakı ictimai-siyasi vəziyyətin dayandığını hesab edirəm. Amma 2026-ci ildə seçkidən sonra bütün məsələlər həm kağız üzərində, həm də reallıqda mütləq şəkildə öz həllini tapacaqdır. Çünki təqdim etdiyimiz şərtlərin alternativi yoxdur".
 
Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günük"Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR