Rejissor Rəhman Rafiqoğlunun lentə aldığı "Nazlı” romantik komediya filminin təqdimatı baş tutdu.
Filmdə xalq artistləri Rasim Balayev, Arif Quliyev, Mahmud Məhərrəmov, əməkdar artist Mehriban Xanlarova və başqaları rol alıb.
M.Xanlarova filmdəki rolundan AZXEBER.COM-a deyib: "Filmdə tamaşaçı fərqli Mehriban görəcək. Həmişə drama janrında görməyə alışsalar da, bu dəfə komediya janrında görəcəklər. Bu filmdə dahi sənətkarlar Rasim Balayev, Fuad Poladov ilə birlikdə oynamışam. Dahi sənətkarlarla bir filmdə oynamaq hər bir aktyor və aktrisaya nəsib deyil. Amma bu gün mənə nəsib olduğu üçün çox xoşbəxt sənətçiyəm.”
Əməkdar artist tez- tez çəkilən filmlərdə az görünməsinin səbəbini də açıqlayıb: "Sənətçi olmaq asandır. Amma onun dərinliyinə getmək çox çətindir. Mən bu gün hər bir şeyə çəkilsəm, Mehriban Xanlarova olmaram. Bir var çəkilirsən yaxşı iş çıxır ortalığa, bir də var orda heç nə yoxdur. Elə ondansa çəkilmərəm. Nə qədər qonararlar təklif olunsa belə çəkilib, aktrisalıq kareyama zərər gətirə bilmərəm.”
Nazim Qasımzadə





