100 il futbolsuz (KÖŞƏ)

100 il futbolsuz (KÖŞƏ)
KÖŞƏ
10:13 11.06.2011
2103

Tədbir keçirmək məqamı gələndə 100 yaşı olan futbolumuz, problemlər ortaya çıxan anlarda körpə kimi qələmə verilir. İndi gəl başa düş, bu futbolun neçə yaşı var – 100, 10, 1... ? 

Buna deyərlər nağıl kimi keçən 100 il. Haqqında saatlarla danışırlar dinləyirsən, hətta maraqlı gəlir. Amma bilirsən ki, nağıldı...

Çox pis vaxta təsadüf elədi futbolmuzun 100 yaşı. Nə bir öyünəcək həqiqətən tarixi nəticə oldu, nə də göstərmək üçün bir titul.

Tofiq Bəhrəmovumuz olub, Banişevskimiz olub, 1966-ci ildə bürünc olub... Amma bunlar tarix yox, tarixi məqamlardı.

100 il arxada qaldı, infrastruktur yox, uşaq futbolu yox, nəticə yox...

Futbolumuzun 100 illiyi münasibəti ilə tədbir keçirildi. Deyilənə görə həmin tədbirə gedən yerli futbol mütxəsəssisləri də peşman olublar. Ən yaxşı masalar əcnəbi qonaqlara verilib. Azərbaycanlı futbol adamları ümumiyyətlə diqqətdən kənar qalıblar. Bir çox futbol veteranları tədbiri yarımçıq tərk ediblər. 100 ildə bir tədbir keçirəsən o da belə...

Futbolun 100 illiyi ərəfəsində Qazaxıstana biabırçı məğlubiyyətin əsas günahkarı Foqts olsa da, yenə əcnəbi qonağın yeri gözümüzün üstündə oldu. Azərbaycanla oyuna hazırlaşan Qazaxıstan mayın 27-də təlim-məşq toplanışına yığılıb. Bizdən fərqli qazaxlar hazırlıq keçmək üçün süni meydançaya yox, Astanadan aralıda yerləşən bazada təbii ota üstünlük veriblər. Və yalnız oyundan əvvəl süni örtükdə bir neçə məşq keçiblər. Halbuki Foqtsun məntiqi ilə qazaxlar gecə-gündüz süni örtükdən çıxmalı deyildilər. Berti Foqts Qazaxıstanla oyuna qədər milli üzvlərinə süni örtükdə 20-dən çox məşq keçmişdi. Bunun nəticəsi kimi, əzələləri yüklənən futbolçular Qazaxıstanla oyunda tərpənə bilmirdilər. Sadəcə dünyada “komanda udur, məşqçi uduzur” deyirlər, Azərbaycanda isə udanda Foqts udur, uduzanda isə futbolçular.

Almaniyaya vurduğumuz qoldan sonra AFFA rəhbərliyi və Foqts elə sevinirdi ki, sanki möcüzə gerçəkləşib. Sanki Azərbaycan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bakıda almanlara 1:3 hesablı məğlubiyyəti şərəf sayan Foqts, hələ 7 il əvvəl Karlos Alberto Torresli yığmanın ulduzlar toplusu İngiltərəyə 0:1 hesablı məğlubiyyətindən bixəbərdi deyəsən. Qazaxıstanla oyundan sonra “rəqib Avropa səviyyəli oyun sərgilədi” deyən Foqts növbəti dəfə məntiqsiz danışıb. Foqts deyib ki, Almaniya Azərbaycana qarşı oynadığı oyunla Avropa çempionu olacaq. Almanların Avropa çempionu olması mümkündür. Amma bizə qarşı oynadığı oyunla almanların gələcəyi dumanlı görünür. Digər tərəfdən almaniyalı futbolçular bizimlə oyunda meydanda gəzirdilərsə əsas rəqiblərinə belə güzəşt etməzlər heç vaxt. Oyundan qabaq deyirdilər ki, almanlar Foqtsa görə Azərbaycanla heç-heçəyə razılaşacaq. Amma bilin ki, almanlar üçün milli nüfuz hər şeydən üstündür. Onların Foqtsa hədiyyəsi az qol vurması ola bilərdi. Murad Hüseynovun qolundan sonra da göstərdilər ki, həvəsə düşmək yersizdir. Qazaxıstanla oyundan sonra ictimai qınaqla üzləşən futbolçularımız çox çalışsa da, almanlar 3-cü qolu vurmaqla göstərdilər ki, istənilən an bizə istədikləri qədər vura bilərdilər.

100 il arxada qaldı, amma hələ də özümüzə qiymət verməyi öyrənmədik. Hansısa azərbaycanlı məşqçi bərbad oynayan Qazaxıstana uduzsaydı, vətən xaini, satqın, fərsiz adları verilib qovulardı. Amma indi dövran Foqtsun və Foqts kimi yaşamağı bacaran həmyerlilərimizin dövranıdı...

100 illik bayram da onların bayramıdıR

Emin ABBASOV 

OXŞAR XƏBƏRLƏR