100 müxalifətçi həbs edildi

DÜNYA
12:13 19.03.2012
1452

Ötən gün Rusiyada Ostankino telemərkəzi önündə minlərlə müxalifət tərəfdarı icazəsiz aksiya keçirməyə çalışıb. Etirazçıları bir araya gətirən Rusiyanın NTV kanalında yayımlanmış siyasi sənədli film olub. Belə ki, dekabr ayında keçirilmiş parlament seçkisindən bəhs edən “Etiraz anatomiyası” adlı həmin sənədli filmdə, müxalifət saxtakarlıqda ittiham olunub. Müxalifət liderlərinin ABŞ məxfi agenturasına işlədiyi və tərəfdarlarının etirazlarda iştirak etməsi üçün onlara pul paylandığı haqqında fikirlər irəli sürülüb.

Etirazçılar telestudiya önündə “Ar olsun NTV”, “Putinsiz Rusiya”kimi şüarlar səsləndirib. Əraziyə səfərbər olunan polis qüvvələri aksiyanın qarşısını ala bilib. Azı 100 etirazçının saxlanıldığı bildirilir. Saxlanılan etirazçılar arasında müxalifət liderlərindən sol cəbhə hərəkatının koordinatoru Sergey Udaltsov və həmrəylik demokratik hərəkatının rəhbərlərindən olan Boris Nemsov da yer alıb.

“Bu kanalları bir-birindən ayırmaq lazımdır. Hamısı eyni bandaya xidmət edir. Özünüz görürsünüz, polis artıq insanları saxlamağa başladı, axı onlar bunu nə əsasla edirlər?", deyə müxalifət lideri Sergey Udalsov bildirib.

İcazəsiz aksiyada müxalif liderləri ilə yanaşı, Rusiya Dövlət Dumasının deputatı da iştirak edib. Ədalətli Rusiya partiyasından olan parlament üzvü Dmitri Qudkov, sənədli filmdən hiddətlənmiş insanları dəstəkləmək üçün aksiyaya qatıldığını bildirib.

“Öncə NTV kanalında nümayiş olunan filmdən hiddətlənmiş insanlara dəstək olmaq üçün bu aksiyaya qatıldım. Mən eyni zamanda həmin kanalda çalışan və müstəqil işləmək imkanından məhrum olan jurnalistləri dəstəkləyirəm. Hesab edirəm ki, bu qalmaqala görə jurnalistlər deyil, ölkə rəsmiləri və bürokratlar məsuliyyət daşıyır”, deyə Dmitri Qudkov bildirib (anspress).

OXŞAR XƏBƏRLƏR