"Ağır məktəbli çantaları uşaqların sağlamlığına təhlükə yaradır" - Ekspertdən xəbərdarlıq

"Ağır məktəbli çantaları uşaqların sağlamlığına təhlükə yaradır" - Ekspertdən xəbərdarlıq
SOSİAL
17:10 17.04.2026
528
Son günlər şagirdlər və valideynlər arasında məktəb çantalarının həddindən artıq ağır olması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Təhsil prosesinə mənfi təsir göstərə bilən bu problem uşaqların həm fiziki sağlamlığını, həm də gündəlik dərs rejimini çətinləşdirir. 

Təhsil eksperti Rizvan Fikrətoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, məktəb çantalarının ağırlığı uşaqların sağlamlığına zərərlidir:

"Məktəb çantaları çox vaxt normadan artıq ağır olur. Bu, uşaqların sağlamlığına təsir edə bilər. Uzun müddət ağır çanta daşımaq bel və çiyin ağrılarına, duruş pozulmasına səbəb ola bilər. Çantaların ağır olmasının səbəbləri çoxdur. Dərs vəsaitlərinin çoxluğu, lazımsız əşyaların, elektron cihazların, su qabı və digər əlavə yüklərin çantaya qoyulması uşaqları narahat edir. Mütəxəssislərə görə, çantanın çəkisi uşağın bədən çəkisinin 10-15 faizindən çox olmamalıdır”.


Ekspert bildirib ki, bu məsələnin bir sıra həlli yolları var:

"Lazımsız əşyaları çantaya qoymaq olmaz. Uşaq hər gün yalnız lazım olan kitab və dəftərləri götürməlidir. Məktəb şkaflarından istifadə etmək olar və mümkün olduğu halda kitabların bir hissəsi məktəbdə saxlanıla bilər. Elektron vasitələr də burada çox önəmlidir. Kağız kitabların əvəzinə planşet və ya elektron versiyalardan istifadə oluna bilər, amma bu da balanslı olmalıdır”.

Təhsil eksperti vurğulayıb ki, düzgün çanta seçimi də vacibdir:

"İki çiyinli və ortopedik çanta olmalıdır. Enli və yumşaq qayışları olmalı, bel dəstəyi olan dizayna üstünlük verilməlidir. Çanta hər iki çiyində daşınmalıdır. Çantanı bir çiyində daşımaq skolioza, belin əyilməsinə gətirib çıxara bilər. Həmçinin vaxtaşırı çantanın içərisi valideyn tərəfindən yoxlanmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR