10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
AZXEBER.COM xəbər verir ki, yeni modelin əsas məqsədi şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Bildirilib ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, eləcə də şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə şərait yaradır. Yeni model üzrə qəbulda 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Qeyd olunub ki, yeni təmayül tədris modelinin əsas üstünlükləri sırasında akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti, abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili, səriştəli müəllim kollektivi, aylıq sınaq imtahanlarının keçirilməsi yer alır.
Bundan əlavə, akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan müxtəlif dərnəklərin təşkili də nəzərdə tutulur.
Ətraflı məlumat almaq istəyənlər aidiyyəti regional təhsil idarələrinə müraciət edə bilərlər.











































