Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Şağan Mədəniyyət Mərkəzində "Himayədar ailə” qayğı modeli barədə məlumatlılığın artırılması məqsədilə ictimai dinləmə təşkil edilib.
100-dən çox şəxsin iştirak etdiyi tədbirə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar qatılıblar.
İctimai dinləmədə "Himayədar ailə” qayğı modelinin mahiyyəti, üstünlükləri, müraciət qaydaları və digər vacib məqamlar barədə ətraflı məlumat verilib.
Agentliyin İdarə Heyəti sədrinin müşaviri Tünzadə Verdiyeva çıxışında himayədar ailə modelinin əhəmiyyətindən, uşaqların ailə mühitində böyüməsi və qayğı ilə əhatə olunmasının vacibliyindən danışıb.
Agentliyin nümayəndəsi Əhməd Mansurov "Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə məlumat verib.
Sonda mövzuya dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.











































