"Hicaba qadağa olduğunu iddia etmək düşmənlərimizin dəyirmanına su tökməkdir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib.
O bildirib ki, 120 il əvvəl Azərbaycanda cəhalətə və xurafata qarşı mübarizə aparan, qadın azadlığını və hüquqlarını müdafiə edən belə bir jurnalın olması qürurvericidir:
"Bu il dahi Mirzə Cəlilin yaratdığı "Molla Nəsrəddin” jurnalının 120 yaşı tamam olur. Biz qürur duyuruq ki, 120 il əvvəl Azərbaycanda cəhalətə və xurafata qarşı mübarizə aparan, qadın azadlığını və hüquqlarını müdafiə edən belə bir jurnalımız olub. Lakin üstündən 120 il keçməsinə baxmayaraq, bəzi insanlarımızın hələ də xurafat və cəhalət girdabında yaşaması çox təəssüf doğurur. Azərbaycan hökuməti orta məktəblərdə vahid məktəbli formasının geyinilməsi ilə bağlı qərar qəbul edib. Bəzi insanlar isə xarici qüvvələrin və dini missionerlərin təsiri altında bu qərarı hicaba qadağa kimi qələmə verir, Azərbaycan hökumətinə qarşı aqressiv hücumlara keçirlər. Ümumiyyətlə, bu qərarı dəstəkləyən insanlara qarşı söyüş və qarğışlardan istifadə etmək nə dinimizə, nə də din adamına yaraşır.
Mən özüm də bu barədə fikirlərimi bildirmişdim ki, Azərbaycanda hicaba qadağa yoxdur. Hicablı xanımlara gözün üstə qaşın var deyən yoxdur. Onlar küçələrdə, ictimai yerlərdə, iş yerlərində və tədbirlərdə rahat şəkildə gəzib-dolaşırlar. Ona görə də Azərbaycanda hicaba qadağa olduğunu iddia etmək yalnız düşmənlərimizin dəyirmanına su tökməkdir”, – deyə Rəşad Məcid bildirib.
Fəridə Əsədzadə











































