Tələbə təqaüdləri yanvarda artacaq? – AÇIQLAMA

Tələbə təqaüdləri yanvarda artacaq? –  AÇIQLAMA
SOSİAL
16:34 26.11.2026
96
Azərbaycanda tələbə təqaüdlərinin artırılması məsələsi yenidən gündəmə gəlib.

Tələbələrin gündəlik xərcləri, xüsusilə nəqliyyat, qidalanma və təhsil ehtiyacları nəzərə alındıqda, mövcud təqaüd məbləğlərinin yetərli olub-olmaması müzakirə mövzusuna çevrilib.

Bəs 2027-ci ilin yanvar ayından tələbə təqaüdlərinin artırılması gözlənilirmi? Universitetlər öz təşəbbüsləri ilə təqaüd məbləğlərini yüksəldə bilərlərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, tələbə təqaüdlərinin artırılması həm universitetlərin daxili siyasətindən, həm də dövlətin qəbul edəcəyi qərarlardan asılıdır:

"Ali təhsil müəssisələrinin hər birinin öz nizamnaməsi, daxili qaydaları və təqaüd siyasəti mövcuddur. Təqaüdlərin məbləğinin artırılması da bir çox hallarda universitetlərin daxili siyasətindən və maliyyə imkanlarından asılıdır. Bəzi universitetlərdə bu məsələ ilə bağlı Elmi Şura tərəfindən qərar qəbul edilə bilər.

Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetində qəbul zamanı yüksək balla universitetə daxil olan tələbələr üçün xüsusi təqaüd imkanları əvvəlcədən elan olunur. Eyni zamanda, tələbənin 500-dən yüksək bal toplaması və ya birinci semestrdə yüksək akademik nəticə göstərməsi əlavə təqaüd əldə etməsinə imkan yarada bilər. Bu cür təşviqedici təqaüdlər tələbələrin təhsil göstəricilərini yaxşılaşdırmağa həvəsləndirmək məqsədi daşıyır".

Ekspertin sözlərinə görə, bəzi ali təhsil müəssisələrində adlı təqaüdlər və tələbələri həvəsləndirmək məqsədilə əlavə maliyyə imkanları da yaradılır:

"Bundan başqa, bəzi universitetlərdə adlı təqaüdlər də mövcuddur. Həmin təqaüdlər universitetin tanınmış məzunlarının, görkəmli şəxslərin və ya elm adamlarının adını daşıya bilər. Ötən il də xüsusilə pedaqoji ixtisaslara qəbul olunan oğlan abituriyentləri təşviq etmək məqsədilə bir sıra universitetlər, o cümlədən Azərbaycan Slavyan Universiteti əlavə təqaüd imkanları elan etmişdi. Dövlət tərəfindən müəyyən edilən tələbə təqaüdlərinə gəldikdə isə burada müvafiq normativ qərarların qəbul edilməsi tələb olunur. Dövlət təqaüdlərinin minimum məbləği müvafiq qaydada müəyyənləşdirilir və bu sahədə dəyişikliklər hökumətin qərarları əsasında həyata keçirilir".

Məzahir Məmmədli 2027-ci ilin yanvar ayından tələbə təqaüdlərinin artırılacağını gözləmədiyini bildirib:

"Mən hesab etmirəm ki, 2027-ci il üçün tələbə təqaüdlərinin artırılması hazırda gözləniləndir. Əgər belə bir təşəbbüs olsaydı, çox güman ki, tədris ilinin əvvəlində bu barədə müvafiq qərar və ya açıqlama verilərdi. Təqaüdlərin artırılması ilə bağlı yeni qərarın qəbul edilməsi üçün əvvəlcə müvafiq sənədlər hazırlanmalı və aidiyyəti qurumlara təqdim olunmalıdır. Bu isə müəyyən vaxt tələb edir. Ümumilikdə, tələbə təqaüdlərinin artırılması arzuolunandır. Lakin hazırda 2027-ci ildə belə bir artımın olacağını demək üçün əsas görmürəm".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR