Son dövrlər Azərbaycanda vətəndaşların banklardan kredit götürməsi ilə bağlı çətinliklərin artdığı müşahidə olunur.
Kredit faizləri, borcalanların gəlirlərinə dair tələblər və bankların riskləri daha diqqətlə qiymətləndirməsi kredit əldə etməyi çətinləşdirən əsas amillər sırasındadır. Bu vəziyyət xüsusilə gəliri aşağı olan vətəndaşların bank xidmətlərindən istifadəsinə təsir edir.
Bəs Azərbaycanda kredit götürmək niyə çətinləşir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadi ekspert Günay Hüseynova bildirib ki, vətəndaşların kredit əldə etməsinin çətinləşməsi bankların riskləri daha ciddi qiymətləndirməsi və borcalanların ödəmə qabiliyyətinə dair tələblərin sərtləşməsi ilə bağlıdır:
"Vətəndaşların kredit əldə etməsinin çətinləşməsi, əsasən, bankların kredit risklərini daha ciddi qiymətləndirməsi və borcalanların ödəmə qabiliyyətinə dair tələblərin sərtləşməsi ilə bağlıdır. Kredit bazarında əsas meyar yalnız vətəndaşın kredit almaq istəyi deyil, onun mövcud gəlirləri hesabına borcunu vaxtında qaytarmaq imkanının real qiymətləndirilməsidir. Bu prosesin arxasında bir neçə amil dayanır. İlk növbədə, kredit götürən şəxsin rəsmi və sabit gəlirinin olması, mövcud borclarının gəlirinə nisbəti, kredit tarixçəsi və aylıq ödəniş yükü banklar tərəfindən daha diqqətlə nəzərdən keçirilir. Gəlirini sənədlərlə təsdiqləyə bilməyən, əvvəlki kreditlər üzrə gecikmələri olan və ya artıq yüksək borc yükü daşıyan şəxslərin kredit əldə etməsi çətinləşir".
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın istehlak kreditləri üzrə riskləri məhdudlaşdırmağa yönələn tələbləri də bu prosesə təsir göstərir:
"Digər mühüm səbəb isə Mərkəzi Bankın əhalinin həddindən artıq borclanmasının qarşısını almaq məqsədilə istehlak kreditləri üzrə riskləri məhdudlaşdıran prudensial tələbləridir. 2026-cı ildə bu istiqamətdə qaydaların təkmilləşdirilməsi borcalanların ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsinə yönəlib. Banklar üçün kreditin verilməsi yalnız gəlir əldə etmək vasitəsi deyil, həm də vəsaitin geri qaytarılması riskini idarə etmək məsuliyyətidir. Problemli kreditlərin artması bankları daha ehtiyatlı davranmağa sövq edir. Bu baxımdan, kredit əldə etmək imkanlarının məhdudlaşması müəyyən hallarda maliyyə sisteminin dayanıqlılığını qorumağa xidmət edir.
Lakin burada mühüm məqam ondan ibarətdir ki, kredit şərtləri həddindən artıq sərtləşdikdə, ödəmə qabiliyyəti olan vətəndaşların da maliyyə resurslarına çıxışı çətinləşə bilər. Xüsusilə gəliri qeyri-rəsmi olan şəxslər, gənc ailələr və özünüməşğul əhali bu baxımdan daha həssasdır. Ona görə də kredit siyasətində əsas məqsəd borclanmanı tam məhdudlaşdırmaq deyil, kreditin real gəlirə və ödəmə imkanlarına uyğun verilməsini təmin etmək olmalıdır. Yekunda qeyd edim ki, kredit verilməsində yaşanan çətinliklər ilk növbədə real gəlirini rəsmi şəkildə göstərə bilməyən vətəndaşlara təsir edəcək. Belə ki, yeni qərara əsasən, rəsmi gəlirləri olmayan şəxslərə kredit verilməsi zamanla məhdudlaşacağını düşünürəm".
Fəridə Əsədzadə











































