Almaniya vətəndaşlarını çətin qərar gözləyir - İmtiyazlar azaldılacaq?

Almaniya vətəndaşlarını çətin qərar gözləyir - İmtiyazlar azaldılacaq?
İDMAN
12:22 26.11.2026
58
Almaniya kansleri Fridrix Mets dünən Bundestaqda çıxışı zamanı ölkənin bir sıra ənənəvi sosial imtiyazlardan imtina etməli olacağını bildirib. Onun sözlərinə görə, əks halda bir neçə ildən sonra federal büdcənin bütün gəlirləri sosial ödənişlərə, müdafiə xərclərinə və dövlət borcuna xidmətə yönəldiləcək.

Almaniyanın iqtisadi problemləri hələ 2018-ci ildə avtomobil sənayesində geriləmə, xarici tələbatın zəifləməsi və Çindən gələn rəqabətin güclənməsi ilə başlayıb. Ölkənin real ÜDM-i 2019-cu ildən bəri demək olar ki, artmayıb.

Bundan əlavə, pandemiya, ucuz Rusiya qazının itirilməsi, faiz dərəcələrinin yüksəlməsi və ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları böhranı daha da dərinləşdirib. 2025-ci ilə qədər enerji tutumlu sahələrdə istehsal 2021-ci illə müqayisədə 17,8 faiz azalıb. Almaniyanın ixracı isə 2022–2025-ci illərdə 3,9 faiz geriləyib.

İqtisadi durğunluq, əhalinin yaşlanması və işçi qüvvəsi çatışmazlığı fonunda Almaniya pensiyalara, müdafiəyə və dövlət borcuna xidmətə çəkilən xərcləri artırmağa məcburdur. Bu isə digər sahələrin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırır.

2027-ci il üçün federal büdcə layihəsində təxminən 560 milyard avro həcmində rekord xərclər nəzərdə tutulub. 

Bununla yanaşı, yeni borclanmaların ümumi həcminin təxminən 210 milyard avro olacağı gözlənilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Fransadan fərqli olaraq Almaniyanın borc yükü hələ də idarəolunan səviyyədədir:

"Lakin Mertsin qeyd etdiyi kimi, iqtisadi artım olmadan sosial öhdəlikləri, artan müdafiə xərclərini və borc faizlərini eyni vaxtda qarşılamaq mümkün deyil. Avropa İttifaqının qlobal ÜDM-dəki payının son iki onillikdə təxminən 22%-dən 14%-ə düşməsi təsadüfi deyil və bir neçə dərin struktur səbəbə dayanır. Rusiya qazından imtina edildikdən sonra Avropada enerji qiymətləri ABŞ və Asiya ilə müqayisədə kəskin bahalaşdı. Bu, xüsusilə Almaniyanın kimya, metallurgiya və avtomobil kimi enerji tutumlu sənaye sahələrinin rəqabət qabiliyyətini sarsıtdı. Avropa süni intellekt, rəqəmsal texnologiyalar və yüksək texnologiyalı istehsal sahələrində ABŞ və Çindən xeyli geri qalıb. Ənənəvi sənaye sahələri yerini elektrikli və rəqəmsal texnologiyalara verdikcə, Çin rəqibləri Avropa bazarlarını sıxışdırmağa başladı. İxrac yönümlü Avropa iqtisadiyyatı həm Çindəki tələbatın azalmasından, həm də ABŞ-nin tətbiq etdiyi yeni gömrük tariflərindən ciddi zərər görür”.

Ekspertin sözlərinə görə, uzun illər sülh dividendlərindən yararlanan və müdafiəyə az vəsait ayıran Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi və geosiyasi gərginliklər fonunda hərbi büdcələrini sürətlə artırmağa məcbur olub:

"Bu vəsaitlər isə sosial sahələrdən və infrastrukturdan kəsilir. Əhalinin sürətlə qocalması pensiya və səhiyyə sistemlərinə düşən yükü artırır, işçi qüvvəsi çatışmazlığı yaradır. Eyni zamanda, Aİ daxilindəki ağır tənzimləmələr və bürokratik əngəllər yeni investisiyaların cəlbini və biznesin böyüməsini ləngidir”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR