132 il müstəmləkə altında qalan Əlcəzairdən gözlənilməz addım: Tədris dili dəyişir

132 il müstəmləkə altında qalan Əlcəzairdən gözlənilməz addım: Tədris dili dəyişir
DÜNYA
12:49 03.07.2023
564
Fransa tərəfindən 132 il müstəmləkə altında qalan və 1962-ci ildə müstəqilliyini əldə edən Əlcəzairdən diqqətəlayiq bir addım gəlib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransanın etirazlarla alovlandığı bu günlərdə Əlcəzair Ali Təhsil Nazirliyi fransız dili əvəzinə ingilis dilini təhsil dili etmək üçün hazırlıqlara başlayıb. 2023-2024-cü tədris ilindən ali məktəblərdə tədris dilində dəyişiklik olacaq.

Ali Təhsil Nazirliyi gələn tədris ilindən etibarən universitetlərdə fransız dili əvəzinə ingilis dilinin tədris dili olması üçün hazırlıqlara başlayıb. Nazirlik bu məsələ ilə bağlı ali təhsil müəssisələri ilə əlaqə saxlamağa və hazırlıq görüşlərinin təşkilinə çağırıb.

Maraqlıdır ki, 132 il Fransanın müstəmləkəsi altında olan və 60 il əvvəl müstəqillik qazanan Əlcəzairin bu addımı Fransada 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsi ilə başlayan etirazlar günlərində baş verib. 

Ali Təhsil Nazirliyinin Baş Katibliyi tərəfindən dünən rektorlara göndərilən məktubda, nazir Kamal Bədarinin göstərişinə uyğun olaraq, yay tətilindən əvvəl yığıncaqların keçirilməsi və ingilis dilini yaxşılaşdırmaq üçün pedaqoji qrupların yaradılması tələb olunub.

28 sentyabr 2022-ci il tarixində Nazirlik universitetlərdə ingilis dilini dəstəkləmək və təşviq etmək qərarına gəlib və bununla bağlı işə başlayıb. Əlcəzairdəki universitetlərdə ilk xarici dil olaraq fransız dilinin ingilis dili ilə əvəzlənməsi son illərdə ictimaiyyətdə tez-tez müzakirə edilən məsələlərdəndir. Bu addımın həm də Əlcəzair və Fransa arasında davam edən siyasi problemlərlə bağlı olduğu bildirilir.
 
Qeyd edək ki, 45 milyon əhalisi olan ölkədə təxminən 15 milyon insan fransızca danışır. Son illərdə Əlcəzairdəki siyasi partiyalar və birliklər ingilis dilinin qlobal miqyasda elmi dairələrdə ən çox danışılan dil olduğunu əsas gətirərək, təhsil sisteminin birinci pilləsinə qoyulması tələblərini artırmağa başlayıblar. Ərəb dilinin ilk rəsmi dili, bərbər dilinin (amaziq dili) ikinci rəsmi dili olduğu Əlcəzairdə fransız dili də insanlar tərəfindən geniş istifadə olunur. Ölkədə fransız dili ibtidai sinifdən etibarən təhsil proqramına daxil edilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR