AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov barəsində ittihamedici hökm çıxarılıb.
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, E.Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilib. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib.











































