1918-ci il hadisələri: Dinc əhaliyə qarşı törədilən amansız cinayətlər

1918-ci il hadisələri: Dinc əhaliyə qarşı törədilən amansız cinayətlər
SİYASƏT
14:07 31.03.2026
92
Erməni millətçiləri tarix boyu uydurma "Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçiriblər. Azərbaycan xalqının üzləşdiyi ən ağır faciələrdən biri isə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı ilə fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilən kütləvi qırğınlardır.

Həmin dövrdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin miqyası olduqca böyük və dəhşətli olub. Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər ərazilərdə on minlərlə insan etnik və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı ilə yanaşı Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə həyata keçirilən qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı öldürülüb, on minlərlə insan doğma yurdlarından didərgin salınıb.

Quba hadisələri xüsusilə qəddarlığı ilə seçilib. Şəhərdə təxminən 2900 nəfər, ümumilikdə isə Quba qəzasında 4000-dən artıq insan qətlə yetirilib. 122 kənd tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb.

Qubada aşkarlanan kütləvi məzarlıqlarda tapılan insan qalıqları bu vəhşiliyin miqyasını bir daha sübut edir. Sümüklərdə güllə izlərinə rast gəlinməməsi göstərir ki, insanlar əsasən küt alətlərlə qətlə yetirilib, bəzilərinin başı bədəndən ayrılıb, hətta kəllələrdə mismar izləri aşkarlanıb. Bu faktlar törədilən cinayətlərin nə qədər amansız olduğunu açıq şəkildə nümayiş etdirir.
 
Ülkanə Mikayılova
Göygöl rayon Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

OXŞAR XƏBƏRLƏR