196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İstanbulda saxlanıldı

196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İstanbulda saxlanıldı
KRİMİNAL
16:05 16.04.2026
523
İnterpol tərəfindən 196 ölkədə "Qırmızı bülleten”lə axtarılan və qızıl qaçaqmalçılığı ilə məşğul olduğu deyilən İnqilab Babayev İstanbulda keçirilən əməliyyat zamanı ələ keçirilib.

İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi əməkdaşlarının apardığı əməliyyatlar çərçivəsində, "mütəşəkkil şəkildə qiymətli zinət əşyalarının qaçaqmalçılığı" cinayətində təqsirli bilinən və beynəlxalq səviyyədə axtarılan İnqılab Babayev uzun müddətdir axtarışda olub.

2024-cü ildə İstanbul Hava Limanında baş verən hadisə zamanı polis şübhələndiyi iki təhlükəsizlik əməkdaşını yoxlayıb, aparılan axtarış nəticəsində onların bel hissəsinə gizlədilmiş 16 kiloqram ağırlığında 32 külçə qızıl aşkarlanmışdı. Dubaydan gətirildiyi müəyyən edilən qızıllarla bağlı aparılan istintaq çərçivəsində yeddi nəfər saxlanılmışdı.

Hadisənin təşkilatçısı olduğu müəyyən edilən və İnterpol tərəfindən axtarılan İnqilab Babayev isə olaydan sonra qaçmağı bacarmışdı.

Aparılan araşdırmalar nəticəsində Babayevin bir müddət əvvəl ailəsini İstanbula çağırdığı müəyyən edilib. Ailəsinin şəhərə gəlməsindən sonra polis onun izinə düşüb.

Şübhəlinin Eyüpsultanda yerləşən bir rezidensiyada gizləndiyi müəyyən edilib və xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Gözaltına alınan Babayev istintaqdan sonra məhkəməyə çıxarılıb və həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
 
 
\Qaynarinfo 
OXŞAR XƏBƏRLƏR