Xəzərin Azərbaycan sektorunda həyata keçirilən «Khazar Islands» layihəsi (dənizdə şəhər) çərçivəsində tikintisi nəzərdə tutulan dünyanın ən hündür binası – «Azərbaycan Qülləsi»nin («Azerbaijan Tower») inşası 2 mlrd. ABŞ dollarına başa gələcək.Bu barədə «APA-ECONOMICS»ə «Khazar Islands» layihəsini həyata keçirən «Avesta» Konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.Qeyd edək ki, mərtəbələrinin sayı 186, hündürlüyü 1 050 metr olacaq «Azerbaijan Tower» ötən il Dubayda (BƏƏ) istifadəyə verilən və dünyanın ən hündür binası sayılan «Bürc Xəlifə»dən təqribən 200 metr, Ciddədə (Səudiyyə Ərəbistanı) tikilməsi nəzərdə tutulan «Kingdom Tower» qülləsindən isə 50 metr hündür olacaq.İ.Nehrəmli hazırda «Azərbaycan Qülləsi»nin tikintisi ilə bağlı layihənin üzərində iş getdiyini bildirib: «Bu layihə üzərində biz və bir neçə digər təşkilatlar bir neçə il işləməliyik. Bina xarici şirkətlər tərəfindən layihələndiriləcək və tikinti işləri də onların nəzarəti altında aparılacaq. Hazırda bununla bağlı Hollandiya, ABŞ, Türkiyə və Dubay şirkətləri ilə ilkin görüşlər keçirilir».