2 milyarddan artıq insan hepatitlərə yoluxub – Məşhur həkim faktları açıqladı

SAĞLAMLIQ
16:19 12.07.2018
5751

Avropa Qaraciyər Xəstəliklərini Araşdırma Dərnəyinin (EASL) və Rusiya Qaraciyər Problemlərini Araşdırma Birliyinin (POPIB) üzvü, yoluxucu xəstəliklər üzrə mütəxəssis, Dr. Hicran Xıdırovanın AZXEBER.COM-a müsahibəsi

– Hicran xanım, son dövrlər hepatit diaqnozu qoyulmuş hamilə qadınların sayı sürətlə artır. Doğuşa qədər ananı və gələcək körpəni hansı təhlükə gözləyə bilər?

– Bu xəstəlik qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən patologiyadır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdirlər. Bunlara viruslar tərəfindən törədilən-virus hepatitləri, preparatlarının təsiri nəticəsində yaranan-kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn-mexaniki hepatitlər və digərləri aiddir. Virusun anaya təsiri daha çox xəstəliyin gedişindən, aparılan profilaktik tədbirlərdən, qida rasionundan və sairdən asılıdır.

– Bəlkə bir az daha konkretləşdirək. Adını çəkdiyiniz hepatitlər nədən yaranır və hansı fəsadları ola bilər Risk qrupuna daha çox kimlər aiddir?

– Kəskin hepatitlər: şüalanma, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları və alkoqolizm nəticəsində yarana bilər.

Toksik hepatitlər: müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsiri ilə əlaqədar olaraq meydana gələn və onun funksiyalarını zədələyən prosesdir.

Virus hepatitlər (hepatitis viralis): İnfeksion və ya epidemik hepatit çox qədim zamanlardan elmə məlum olan xəstəlikdir. Bu xəstəlik Hippokrat tərəfindən "yoluxucu sarılıq xəstəliyi” adı ilə təbabətə gətirilib və 1883-cü ildə rus alimi Botkin xəstəliyin infeksion təbiətə malik olmasını qəti surətdə təsdiq edib. İnfeksion hepatitin virus etiologiyasına -malik olmasını ilk dəfə 1937-ci ildə ABŞ-da Findi və F.Mak-Kollum qeyd ediblər. Virus etiologiyalı hepatitlərə A,B,C,D,E və nisbətən az rast gəlinən F və G aiddir.

– İddialara görə, hepatitdən əziyyət çəkən xəstələrin sayı artıq milyardın üzərindədir. Doğrudanmı hər 3-5 adamdan biri hepatitdir?

– Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hazırda dünyada 2 milyarddan artıq insan hepatitlərə yoluxub. Virus hepatitlərin yüngül subklinik, ağır klinik gedişə malik, qaraciyərin sirrozuna və xərçənginə səbəb olan müxtəlif formaları var. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə üçüncü yeri tutur. Bunların arasında parenteral yolla yoluxan B, C və D virus hepatitləri əhalinin sağlamlığına daha böyük təhlükədir. Xəstəliyin klinik əlamətlərinə gəldikdə isə əsasən zəif simptomatika fonunda inkişaf edir. Bu simptomlar özünü dəri və selikli qişanın saralması, sidiyin rənginin tündləşməsi, sağ qabırğaaltı nahiyyədə ağrılar, ümumi dispepsik pozğunluqlar, mərkəzi sinir sisteminin oyanııqlığı və sair kimi biruzə verir.

– Hamilə qadınlar arasında yayılma nisbəti hansı səviyyədədir və hansı hallarda gələcək körpənin həyatı üçün təhlükələr yarana bilər?

– Hepatit A (HAV) zamanı qeyri-iradi abortlar 1%, vaxtından əvvəl doğuşlar 17.8%- təşkil edir. Hepatit B (HBV) zamanı bu göstəricilər 7.7%-dən xəstəliyin dərəcəsindən asılı olaraq 55.5%-ə qədər dəyişə bilər. Xroniki hepatitlər zamanı isə uşaqsalma və vaxtından əvvəl doğuş halları 2%-10% arası variasiya edir. Hər kəsə məlumdur ki, qadın hamilə olarkən, ən yaxşı halda isə hamiləliyi planlaşdırarkən müəyyən laborator müayinələrdən keçir. Nəticədə çox zaman bu müayinələrdə təsadüfən aşkarlanır ki, qadın bu və ya digər infeksiyaların daşıyıcısıdır. Bu infeksiyalar arasında dölə teratogen təsirə malik olanlarla yanaşı, birbaşa ananın və dünyaya gələcək körpənin sağlamlığına mənfi təsir göstərənlər də var. Hepatitə yoluxma əksər hallarda reprodiktiv yaş dövründə baş verdiyinə görə, bu xəstəliyin məhz hamilə qadınlar arasında aşkarlanması təəcüblü deyil. Yeri gəlmişkən bu amil evlilik və hamiləlik öncəsi müayinələrin nə qədər vacib olduğunu bir daha sübut edir.

– Deyək ki, ortada məsuliyyətsizlik faktı var və hamiləliyin gedişində ortaya çıxıb ki, gələcək ana hepatitdir. Körpənin bətndaxili, doğuş zamanı və südlə qidalandırarkən yoluxma ehtimalı nə qədərdir?

– Qısaca olaraq deyim ki, əgər hepatit diaqnozu hamiləlik öncəsi aşkarlanarsa, tam müalicə bitdikdən 6 ay sonra hamiləliyin baş verməsi daha məqsədə uyğundur. Diqqət yetirməli olduğumuz digər məsələ isə bu diaqnozun dünya standartına cavab verən diaqnostik alqoritmlə azı 2 müxtəlif laboratoriyanın bir-birini təsdiq edən nəticələri əsasında qoyulmasıdır. Beləliklə hamiləlik və virus hepatitlərinin qarşılıqlı təsiri necədir? Virus hepatitlər arasında Hepatit E (HEV) zamanı ölüm faizi daha yüksəkdir və bu risk hamiləliyin trimestrindən asılı olaraq 1.5%-dən-21%-dək təşkil edir. Digər hepatitlərlə yoluxma zamanı ən arzuolunmaz hal qeyri-iradi abortlar və vaxtından əvvəl doğuşdur. Aparılan araşdırmalar göstərir ki, bu xəstəlik zamanı inkişaf anomaliyaları, akuşer ağırlaşmaları və s. müəyyən edilmir. Ən qorxulu hal infeksiyanın dölə ötürülməsi və artıq dünyaya gələn körpənin hepatitlə doğulmasıdır. Hepatitin dölə ötürülməsi hallarından vertikal transmissiya (yəni şaquli ötürülmə) yolu ilə ötürülmə halları daha yüksəkdir. Belə ötürülmə Hepatit B, Hepatit G (HGV) zamanı isə nisbətən azdır. Əgər bətndaxili yoluxma hamiləliyin ilk trimestrində baş verərsə bu zaman uşaqsalma riski daha çox ehtimal olunur. Hepatitlərin istənilən növünün dölə ötürülməsi ananın vəziyyətindən, xəstəliyin hansı fazada olmasından, virus yükündən və genotipindən asılı olaraq müxtəlifdir. Xüsusilə qeyd etmək istədiyim bir məsələ də odur ki, virus hepatitlərin istənilən növü immundefisit halında, ağır hamiləlik toksikozları və hipovitaminoz zamanı daha ağır gedişə malikdir.

– Onsuz da vəziyyət yaxşı deyil və hepatitin "əhatə dairəsi” sürətlə artır. Bəs necə edək ki, gələcək nəsillər bu ağır bəlaya düçar olmasın və ana bətnindən daşıyıcıya çevrilməsin?

– Doğuş zamanı yoluxmanın qarşısını almaq üçün düzgün doğuş taktikası seçilməlidir. Təəssüf ki, hal-hazırda bu sahədə yekdil yanaşma mövcud deyil. Doğuşu qəbul edən həkimin və pasiyentin istəyindən asılı olaraq qeysər kəsiyi ilə doğuş aparmaq olar. Lakin konsensuslarda belə qərar qəbul edilib ki, yüksək virus yükü aşkarlanan analarda təbii doğuşun aparılması arzuolunan hal deyil. Doğuş zamanı 100% müdafiənin mümkünlüyü olmadığı üçün postnatal profilaktika çox vacibdir. Bu müdafiə mümkün olan hepatitlərə qarşı peyvəndləmə ilə həyata keçirilə bilər. Peyvəndlənmə özü xüsusi sxem üzrə aparılır ki, gələcək dediyiniz problemlər yaranmasın. Lakin bu sahədə də çətinliklər mövcuddur. Belə ki, HCV-ə qarşı peyvənd olmadığına görə, Hepatit C ilə yoluxmuş anadan dünyaya gələn uşaqlarda doğuşdan sonra 1,3,6,12 və 15 aylarında antitellərin aşkarlanmasına görə İFA metodu ilə və virusun RNT-nin aşkarlanmasına görə PZR (polimeraz zəncirvari reaksiya) vasitəsilə analizlərin aparılması vacibdir. Xüsusilə HCV-nin yeni doğulmuşlarda diaqnostikasına xüsusi həssaslıqla yanaşılmalıdır. Yəni, 15-18 aylığa qədər körpə qanında ananın antitelləri də aşkarlana bilər, məhz bu səbəbdən PZR müayinə vacibdir.

Dr. Hicran Xıdırova ilə əlaqə üçün:

+994-55-601-18-31
Email: [email protected]
Web-sayt: hepatitis.az
İnstagram: https://www.instagram.com/hepatitis.az/
Facebook: https://www.facebook.com/www.hepatitis.az

 

 


 

OXŞAR XƏBƏRLƏR