20 ballıq sistem sürücüləri çətin vəziyyətə salır: Qanunda dəyişiklik təklif olunur - RƏYLƏR

20 ballıq sistem sürücüləri çətin vəziyyətə salır: Qanunda dəyişiklik təklif olunur - RƏYLƏR
MANŞET
14:55 02.06.2026
471

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı tətbiq olunan 20 ballıq limitə yenidən baxıla bilər. Bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib.

Son günlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları geniş müzakirə olunur.

Ekspertlər hesab edirlər ki, mövcud limitin dəyişdirilməsi mümkündür.


"Taksi sürücüləri bal limitinə çatdıqda əsas gəlir mənbələrini itirə bilərlər”.

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, bəzi qayda pozuntularına görə cərimə balı tətbiq olunması mübahisəli görünür:

"Gözlənti ondan ibarətdir ki, bəzi qayda pozuntularına görə tətbiq olunan cərimə balları azaldılsın və ya ləğv edilsin, əvəzində cərimə məbləği artırılsın. Çünki elə pozuntular var ki, sürücülər onları qəsdən etmir və həmin halların ictimai təhlükəlilik dərəcəsi qırmızı işıqda keçmək, əks istiqamətdə hərəkət etmək və ya sərxoş vəziyyətdə avtomobil idarə etmək qədər yüksək deyil."

Ekspertin sözlərinə görə, avtobus zolağı ilə bağlı qaydalarda da dəyişikliklər məqsədəuyğun ola bilər:

"Bu qaydalar artıq sürücülərə kifayət qədər izah olunub və əksəriyyət onların mahiyyətini anlayır. Bununla belə, yalnız cərimə balının tətbiqi bəzi hallarda sürücünü çətin vəziyyətə sala bilər. Digər tərəfdən, bal sistemi tam ləğv edilərsə, bəzi sürücülər cəriməni ödəməklə qaydanı pozmağa davam edə bilərlər. Buna görə də daha məntiqli variant cərimə məbləğinin artırılması, cərimə balının isə azaldılması və ya ləğv edilməsidir."

Raufoğlu qeyd edib ki, bal limitinə çataraq sürücülük hüququndan məhrum olan şəxslər arasında peşəkar sürücülər də var:

"Taksi sürücüləri, şəxsi sürücülər və digər peşəkar sürücülər bal limitinə çatdıqda əsas gəlir mənbələrini itirə bilərlər. Bu baxımdan yanaşmanın müəyyən qədər məntiqli olduğunu düşünürəm."

Ekspert vurğulayıb ki, bəzi pozuntular üzrə cərimə balları mütləq saxlanılmalıdır:

"Hazırda ən ciddi problemlərdən biri sükan arxasında mobil telefondan istifadədir. Bu pozuntuya görə tətbiq olunan cərimə kifayət qədər çəkindirici deyil. Hesab edirəm ki, cərimələrin artırılması sürücülərin telefondan istifadəsini əhəmiyyətli dərəcədə azalda bilər."


"Adətən 15-18 və daha çox balı olan şəxslər qaydaları tez-tez pozan sürücülərdir”

Nəqliyyat eksperti Yasin Mustafayev isə AZXEBER.COM-a açıqlamasında cərimə balı limitinin artırılmasının mümkün variantlardan biri olduğunu bildirib:

"Məncə, 20 ballıq limitin 30-40 bala qədər artırılması məqsədəuyğun ola bilər. Təbii ki, sürücülər yol hərəkəti qaydalarına əməl etməlidirlər və cərimələr də onları buna təşviq edən vasitələrdən biridir."

Ekspert əlavə edib ki, 20 bal əslində az göstərici deyil:

"Elə sürücülər var ki, uzun illər ərzində heç bir cərimə balı toplamayıblar. Adətən 15-18 və daha çox balı olan şəxslər qaydaları tez-tez pozan sürücülərdir. Lakin son dövrlərdə yeni qayda pozuntularına görə də cərimə ballarının tətbiqi sürücülərin limitə daha tez çatmasına səbəb ola bilər. Bu baxımdan, 20 ballıq sistemin yenidən nəzərdən keçirilməsi və limitin artırılması məsələsi müzakirə oluna bilər."

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR