"Bu il Azərbaycanda qiymətlərin artması gözlənilir. Xüsusilə də, kənd təsərrüfatı, ərzaq məhsullarının qiymətində artım olacaq."
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Samir Əliyev bildirib. O, 2013-cü ildə Azərbaycan iqtisadiyyatında baş verəcək prosesləri dəyərləndirib: "Təbii ki, 2013-cü il Azərbaycanda seçki ili olduğu üçün, dövlət xərcləri də artacaq. Büdcə kifayət qədər artır. Sadəcə, dünya bazarındakı proseslərin də birbaşa təsirini nəzərə almaq lazımdı. Büdcədə neftin qiyməti 100 dollar nəzərdə tutulub. Bu o deməkdir ki, neftin qiyməti bu həddən aşağı ensə, büdcə üçün problemlər yaranacaq, kəsr yaranacaq. Buraya həm də dolların kursunu əlavə edə bilərik. Digər tərəfdən, sosial sahədə pensiya və maaşların artırılması ilə bağlı fikirlər var. Təcrübə də onu göstərir ki, seçki dövründə belə artımlar müşahidə olunur. İnflyasiyanın səviyyəsi 2011-ci ildə 7.9 %-dən 2012-ci ildə 1.1 %-ə endi. Bu il isə 4-5 % aralığında olması proqnozlaşdırılır. Bu da büdcə xərclərinin artması ilə əlaqədardır. Bu halda qiymətlərin artması da gözləniləndir. Xüsusilə də, kənd təsərrüfatı, ərzaq məhsullarının qiymətində artım olacaq. Bu il milli valyuta olan manatın kursu sabit qalacaq. Mərkəzi Bank bunu prioritet olaraq götürür və son 2-3 ildə biz bu sabitliyi müşahidə edirik. İl ərzində manatın kursunun dəyişməsi maksimum 1-2 % ola bilər. Amma bütün bunlar dünya bazarındakı situasiyadan asılıdır. Əgər vəziyyət dəyişsə, konkret olaraq neftin qiyməti 60-80 dollara düşərsə və bu vəziyyət uzun müddət davam edərsə, bu, manatın kursunun da enməsinə və büdcədə xərclərinin də azalmasına səbəb olacaq". Ceyhun