Müğənni Rəqsanə İsmayılova bəstəkar Ruslan Səfəroğlunun Əflatun Qubadov üçün yazdığı "Könlüm avaz istəyir" mahnısını icazəsiz oxumaqda günahlandırılır. Bu barədə Əflatun Qubadov açıqlamasında bildirib:
"Mahnını 2 il əvvəl oxumuşam. "Könlüm avaz istəyir" mahnısının sözləri meyxanaçı Xəyyama, musiqisi Ruslan Səfəroğluna aiddir. Ruslan Səfəroğlu bu mahnını mənə pulla satıb. 2 il ərzində 65 min adam onu telefonuna "zəngimcell" kimi yükləyib və mən bu mahnıya görə yetərincə qonorar almışam. Rəqsanənin də bu mahnını oxumasından yeni xəbər tutmuşam. Bundan bəstəkarın da xəbəri yoxdur. Belə çıxır ki, Rəqsanə mahnını icazəsiz oxuyur. Bu da oğurluq sayılır. Özümdən istəsəydi, icazə verəcəkdim. Amma, saymamazlıq etməsi mənə xoş gəlmədi. O xanımdır, amma istər stajda, istərsə də yaşda məndən kicikdir. Yəqin ki, Rəqsanə xanım bundan sonra kiminsə mahnısını oxumaq istəsə, etika xatirinə o kəsə zəng edib icazə istəyər".
Əflatun Qubadov bu addımına görə Rəqsanəni məhkəməyə verməyə hazırlaşmadığını söyləyir: "Biz kişiyik, kişinin isə xanıma baş qoşması düzgün deyil. Sadəcə, Rəqsanə bundan sonra belə hörmətsiz addımlar atmasın!"
Rəqsanənin prodüsseri Təranə Səmədova isə açıqlamasında "Könlüm avaz istəyir" mahnısını müğənniyə bəstəkar Ruslan Səfəroğlunun təqdim etdiyini deyir: "Düzdür, biz mahnını bəstəkardan pulla almamışıq. Təkcə, oranjemanın pulunu ödəmişik. Bəstəkarla razılaşmamız belə olub. Heç bizim xəbərimiz yox idi ki, mahnını Əflatun Qubadov da oxuyub. Hələ də bu mahnını onun ifasında eşitməmişik. Sonradan deyiblər ki, "Könlüm avaz istəyir" mahnısının onun ifasında "zəngimcell"i var. Bir sözlə, bu məsələdə Rəqsanənin heç bir günahı yoxdur".
Bir mahnını bir müğənniyə satıb, birinə hədiyyə edən bəstəkar Ruslan Səfərovdan məsələ ilə bağlı münasibət öyrənmək cəhdimiz boşa çıxdı. Bəstəkar zəngimizə cavab versə də, bu barədə hələki danışmaq istəmədəyini bildirdi. //Ans Press