Bu gün Milli Qəhrəmanlar Riad Əhmədov və İbrahim Məmmədovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Riad Fikrət oğlu Əhmədov 1956-cı il dekabrın 20-də Bakı şəhərində anadan olub. O, peşəkar zabit kimi Milli Təhlükəsizlik sistemində əks-kəşfiyyat sahəsində çalışıb. 1989-cu ildən cəbhənin müxtəlif istiqamətlərində fəal iştirak edib, 1991-ci ildə Çaykəndin azad olunmasında xüsusi fərqlənib, vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb, 1992-ci ilin yanvarında Əfqanıstan döyüşçülərindən ibarət xüsusi təyinatlı dəstə yaradıb, dəstəsi ilə birlikdə Şuşa, Goranboy və digər bölgələrdə ciddi uğurlar qazanıb, 1992-ci il yanvarın 26-da Şuşa yaxınlığındakı Daşaltı kəndi uğrunda döyüşə rəhbərlik edib, axıra qədər döyüşüb və bu uğursuz döyüşdə itkin düşüb. 1992-ci il iyulun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində 203 saylı orta məktəb onun adını daşıyır.