Bayram namazının vaxtı açıqlandı

MARAQLI
13:07 30.08.2011
2016
Bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası sədrinin müavini Hacı Sabir Həsənlinin ANS PRESS-ə verdiyi məlumata görə, avqustun 30-u bayram axşamı, 31-i isə Ramazan bayramıdır. Bayram namazı isə sabah saat 09-09:30 radələrində “Təzə pir” və digər məscidlərdə qılınacaq. Hacı Sabir bəzi müsəlman ölkələrinin Ramazan bayramını bu gün qeyd etməsini belə açıqlayıb: “Bilirsiniz ki, nə vaxt ki, göydə təzə Ay göründü, həmin günün səhəri bayramdır. Onların iddialarına görə, Atlantik okeanının üzərində yeni Ay görünüb. Lakin Qafqaz Müsəlmanları İdarəsi bunu təsdiqləmir. İdarəyə görə, bayram sabahdır. Mən özüm də, bu gün oruc tutmuşam, sabah isə bayram namazını qılacağam”. Hacı Sabir bu günlərin müsəlmanlar üçün çox əziz olduğunu deyir. Bu günlər xəstələrə baş çəkilməli, qəbirüstü ziyarət olunmalıdır. Bundan əlavə, şəriətə görə, bayram axşamı hər imkanlı şəxs fitrə verməlidir. “Hər adam başına 3 manat fitrə verilsə, yaxşı olar. Bu, şəriətdə nəzərdə tutulan fitrələrin məbləği edir”. Din xadiminin fikrincə, fitrə doğrudan da ehtiyacı olanlara verilsə, daha yaxşı olar. Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Müsəlmanlar tərəfindən isə müqəddəs Ramazan ayı Hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb. Ramazan bayramı Qəməri ayın başlanğıcı və sonu hilalın (yeni Ayın) görünməsi ilə müəyyən edilir. Günbatandan öncə və ya sonra görünən hilal, ayın bitməsini və digər ayın başlamasını xəbər verir. Hilalın görünməsi, ertəsi günün bayram olmasına dəlalət edir.

OXŞAR XƏBƏRLƏR