Əli Əkbər Şahbaz Xuduoğlu qalmaqalı böyüyür

MARAQLI
17:38 12.06.2011
2130


Bütün bu hadisələri lap başından müşahidə etdiyim üçün mən də gənc yazarların bu məsələ ilə bağlı fikrini öyrənməyə çalışdım.

 

jurnalist Arzu Abdulla: “Naşir Şahbaz Xuduoğlunun gördüyü iş əslində Azərbaycan oxucusunu maarifləndirmək və dünya ədəbiyyatı ilə yaxından tanış etmək baxımından çox yaxşıdır və alqışlanasıdır. O ki qaldı yazar Əli Əkbərlə naşir Şahbaz Xuduoğlunun davasına, harada ki, həyat var, yaşam var, fəaliyyət var orada mübarizə də, mübahisə də, münaqişə də labüddür. Hər ikisinə uğurlar arzulayıram”.

Vətəndaş Həmrəyliyi Partiyasının Təşkilat Şöbəsinin müdiri Samir Əsədli: “Bu çox pis olaydır və hesab edirəm ki, 2 qarşı tərəf KİV-in və ziyalıların iştirakı ilə bu məsələyə birgə aydınlaşdırma gətirməlidirlər. Bu məsələ böyüyür və məsələyə aidiyyəti olmayanlara da aid edilir. Yazar və naşir arasında bu olay olmamalıdır. Bu anlaşılmazlığı bəzi maraqlı adamlar da qızışdırırlar və olmayan şeyləri araya qatırlar. Cəmiyyətdə yazara və naşirə qarşı pis münasibət yaranır. Hər 2 tərəfin tərəfdarları var. O tərəf bu tərəfə, bu tərəf də o tərəfə düşmən kimi baxır. Bu məsələdə maraqlı olanlar işi bu yönə gətirdilər. Ziyalıların bu müraciəti müsbət qarşılanmalı və tərəflər barışdırılmalıdırlar».

Çölçülər Ədəbiyyat Mərkəzinin başqanı Şahlar Ruhi: “Ümumiyyətlə, Azərbaycanda naşir-yazar münasibəti normal qurulmayıb. Dünya praktikasında yazar naşirə pul qazanmaq üçün müraciət edir. Təəssüf ki, Azərbaycanda bu başqa cürdür. Azərbaycan yazarı ona görə naşirlə iş qurmağa çalışır ki, kitabının çapına pul xərcləməsin. Qaldı Əli Əkbər-Şahbaz Xuduoğlu münaqişəsinə, bu münaqişənin motivləri saxtadır. Heç bir naşir başqa yazarın kitabını müəllifdən xəbərsiz təkrar nəşr etdirməyə cəsarət eləməz. Çünki kim nəşr edərsə etsin, kitabın bütün hüquqları məhz müəllifin əlində olur. Bunu Şahbaz Xuduoğlunun bilməməsi məntiqəuyğun deyil. Əgər Şahbaz bəy bunu edibsə, bu münaqişənin həlli məhkəmədədir, qəzet, elektron dərgi köşələrində yox. Təəssüf ki, bəzi yazarlarımız hələ də şou-bizneslə ədəbi aləmi qarışdırırlar».

Gənc yazar Aysel Əlizadə: “Mən ümumiyyətlə düşünürəm ki, 2 kişinin bu cür “saçyolduya” bənzəyən davası, hələ-hələ ədəbiyyat adamlarının, istənilən halda eybəcər görünür. Sonra yenə düşünürəm ki, 2 adamın söhbətinə qarışmaq da etik deyil. Bir də onu düşünürəm ki, bu ədəbiyyat ətrafı mövzulardır. Azərbaycanda mətbəə çoxdur. Kimə hara uyğundrusa, kitabını da orda çap etdirə bilər. Naşir biznesmendir. O pul qazanmaq haqda düşünur. Yazar da əsərinin haqqını almaq istəyir. Hər 2 hal təbiidir. Yaxşı naşir həm də yazar haqqında düşünməlidir. Çünki onun da çörəyi bu adamlardan çıxır. Yazarları küsdürmək olmaz. Eləcə də yazarlar da onları oxucularla görüşdürən naşirə sayğıyla yanaşmalıdırlar. Kompromis peşəkar müstəvidir. Bir cür olmursa, deməli hələ çiyik. Peşəkar münasibətlər qura bilmirik.”

“Alaçarpa” adlı şeirlər kitabı Qanun nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından çap olunmuş şairə Sevinc Çılğın: “Düzü, 2 nəfər arasındakı münasibətə qarışmağı mədəniyyətsizlik kimi qəbul edirəm. İllah da bu 2 adam mədəniyyətə, ədəbiyyata xidmət edirlərsə… İkisinə də hörmət edirəm və fikirləşirəm ki, hər ikisi ziyalı adamlardılar və bunun bir həllini tapacaqlar. Bundan başqa, hələ bu ərəfədə 2 ədəbiyyat adamını belə situasiyada görmək istəməzdim. MKM-dən sonrakı söz-söhbətlər bizi kitab ətrafında daha möhkəm birləşməyə vadar edir”.

Gənc yazar Mətləb Muxtarov: “Bəlkə də haqsızlıq olub… Olubsa, düz tərəf öz haqqını tələb etməlidir. Ziyalıların bu qarşıdurmanı pisləyən bəyanatla çıxış etməsini isə anlamadım. Və bir də ki, 2 nəfər arasında olan bu qalmaqal elə öz aralarında yerindəcə həll olunsaydı, daha yaxşı olardı. Qəzet səhifələrinə çıxması və internet portallarında bu qarşıdurmanın yayımlanması hər 2 şəxsin nüfuzuna xələl gətirir…»

//Merkez. az

 

OXŞAR XƏBƏRLƏR