“Mənim qəzəbim Eynulla Fətullayevdən istifadə edənlərədir” - MÜSAHİBƏ

İDMAN
17:46 12.08.2011
1776

 

- Adınız siyasi yönümlü qalmaqallarda çox hallanır. Bunu nə ilə əlaqələndirərdiniz?

İctimai-siyasi proseslərdə aktivliyim və proseslərə adekvat reaksiya verməyimlə. Bəlkə də fikirlərim çoxlarına maraqlıdır, o üzdən.

- "Dalğa"çılardan nə istəyirsiniz?

- İstəyirəm yaşadıqları ölkənin dəyərlərinə hörmət etsinlər, milli məsələlərdə daha diqqətli olsunlar və ən əsası sosial şəbəkələrdə ermənilərin xeyirinə təbliğatlarına son qoysunlar.

- Bu yaxınlarda debata da çıxdınız. Necə keçdi?

- Əgər fikrimi soruşursunuzsa, məncə, normal. Peşiman olduqları, ictimai qınağın təzyiqini hiss etdikləri görünürdü. Nəticəyə gəlincə, hər-halda bundan sonra yəqin daha ehtiyatlı olarlar. Amma xislətlərindən əl çəkəcəklərinə inanmıram. Həm də digər həmfikirlərinə də mesaj oldu bu.

- Digər həmfikirləri? Onlar kimdilər?

- Hər halda onlar kimi özlərini "ultra liberal" adlandırıb milli kimliyini aşağılayan, erməni vəkilliyinə qalxanlar az deyil.

- Facebookda Eynulla Fətullayevlə bağlı statusunuz maraqla qarşılanmışdı. Statusdan açıq-aydın görünürdü ki, Eynulla bəy sizin qəzəbinizə tuş gəlib. Bunun səbəbini bilmək olar?

- Eynulla Fətullayev zamanında olduqca böyük iddiaları olan, müxtəlif siyasi oyun və intriqalarda iştirak edən, həbsdə olmuş, ətrafında qəşəng piar aparılmış, indi isə ölkəmizə qarşı məharətlə istifadə olunan əyani vəsaitdən başqa bir şey deyil. Mənim qəzəbim onu istifadə edənlərədir.

- Kim istifadə edir ki, Eynullanı?

- Hər-halda Azərbaycana təzyiq etmək istəyən qüvvələr...

- Hansı qüvvələr?

- Məncə, məlum şeyləri xırdalamağa ehtiyac yoxdu.

- Bu, cavabdan yayınmaqdı. Bəs gənc siyasətçi kimi Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərə münasibətiniz necədir?

- Bu gün hökumət, başda da cənab prezident problemin ərazi bütövlüyümüz və suverenliyimiz çərçivəsində həll olunması üçün maksimum çalışır. Məsələnin mövcud durumu məni qane edirmi? Əlbəttə, hər bir soydaşımız kimi yox! Bunun səbəbi isə beynəlxalq münasibətlərdəki ikiüzlülük və ikili standartlardır.

- Bu ikili standardların səbəbi nədir?

- Səbəb, əslində pafosla təbliğ olunduğu kimi ümumbəşəri dəyərlərin yox, iqtisadi maraqların ön planda olmasıdır.

- Dünya Ermənistandan nə iqtisadi maraq güdə bilər?

- Ermənistan sadəcə bir rıçaqdır. Maraq kəsb edən region isə türk dünyasıdır, Azərbaycandır.

- Rusiya prezidentinin son bəyanatı haqqında nə demək istərdiniz?

- Bu, həm qalmaqal naminə edilmiş, həm də içərisində sətiraltı hədə-qorxu olan populist, bir o qədər də təsdiqlənməsi çətin olan açıqlamadır. Medvedyev Putinə qarşı kompleksini kompensasiya etmək üçün hər kiçik nüansdan istifadə etməyə çalışır.

- Sizcə, bu hədə-qorxunu ciddiyə alaqmı?

- Onsuz da dövlətimiz və hökumətimiz Rusiya faktorunu uğurla balanslaşdıraraq, milli maraqlarımız çərçivəsində ciddiyə alır. Amma bu açıqlama sırf Medvedyevin şəxsi avantürasıdı. Dəyişəsi heç nə yoxdu.

- Bəs “ərəb baharı” Şərqə nə gətirdi?

- Ərəb baharı öncə region xalqlarının yığılmış çoxillik enerjisini boşaltdı. Daha sonra çoxlu insan ölümləri və köçkün həyatlarını yaratdı. Ən sonda nəyə gətirib çıxaracaq? Bu olduqca önəmlidir. Hər halda ümid edirəm ki, avtoritarizimdən avtoritarizimə gətirib çıxarmayacaq.

- Dünya siyasətini ələk-vələk eledik, keçək özümüzə... Hazırda Azərbaycanda baş verən siyasi proseslərdən nə nəticə gözləyirsiniz?

- Azərbaycandakı daxili siyasi proseslər olduqca süst və hiss olunmayacaq qədər zəifdir. Bunun səbəbi isə, nə qədər sosial narazılıqlar mövcud olsa da, kütləvi siyasi narazılığın mövcud olmamasıdır. Həmçinin, müxalifət düşərgəsindəki radikal qanadın obyektiv və subyektiv səbəblərdən zəif olması da burda böyük rol oynayır. Ümumiyyətlə deyə bilərəm ki, hər şey daha da yaxşı ola bilər. Amma yenə də qənaətbəxş hesab etmək olar, məncə.

- Müxalif gənclərin sizə qarşı mənfi münasibəti aydınca sezilir. Bunun səbəblərini nədə görürsünüz?

- Müxalifət açıq məlum mövqeyimə, iqtidarı onlar kimi qərəzli tənqid etmədiyimə, onlar kimi dövləti, hökuməti bir-birinə qarışdırmadığıma görə məni sevmir. Çünki onlar dövlətçilik məsələlərini də sırf iqtidarı tənqid etmək üçün bir çox hallarda alət edirlər. Bu isə təqdirolunası bir şey deyil.

- Gəlin razılaşaq ki, radikal müxalifətlə söz savaşı sizə heç nə qazandırmır, əksinə haqqınızda mənfi rəy yaranır...

- Tam səmimi deyirəm. Dedi-qodular məni maraqlandırmır. Ağıllı insanlar mənim nə dediyimi və nə istədiyimi anlayırlar. Önəmli olan vicdanımın nə dediyidir. Bundan isə olduqca rahatam. Xalqa gəldikdə isə onlar Turan İbrahimovu cəsarətlə və ədalətlə onların sosial problemlərini gündəmə gətirən telejurnalist kimi qəbul edir və sevirlər.

- Deputat seçkilərindən sonra televiziyadan niyə ayrıldınız?

- Seçki sonrası artıq telemövsümün ortası idi. Həm də özüm bir az ictimai-siyasi proseslərə daha rahat qoşulum deyə bu qərara gəldim.

- Azərbaycanın televiziyadan görünüşü, siyasi arenadan görünüşüylə fərqlənirmi? Sizcə ölkəmiz hansı rakursdan daha gözəl görünür?


- Mənim üçün hər iki rakursdan da ölkəmiz iqtisadi , sosial və siyasi cəhətdən öz mental, spesifik reallıqları ilə inkişaf edir. Daha dəqiq desəm, xalqımız necə olacaqsa, dövlətimiz də o cür olacaq. İnsan faktoru olduqca önəmlidir...

- Bu gün təklif gəlsə, “Fortuna”, “Əyri-düz” formatında verliş apararsınızmı?

- Mən hər zaman televiziya layihələrimi özüm hazırlayıb təqdim etmişəm. 20-22 yaşlarımda mənim əsas hədəfimə gedən yolda o cür verlişlər lazım idi. Daha sonra Günə Baxan kimi bütün xalqı birləşdirən, olduqca ciddi sosial, siyasi problemlərə toxunan , gündəm yaradan veriliş hazırladım. Və bu veriliş məni millət vəkilliyinə namizədliyə, siyasətə qədər gətirdi. Düzdür, seçkidə uduzdum , amma olduqca yüksək səs faizi topladım, qaliblə aramda cüzi səs fərqi oldu. İndi isə televiziyada ancaq ictimai-siyasi verlişlər hazırlaya bilərəm.

- Sizcə, jurnalistlikdən siyasətə sıçramağınız hansınızın xeyrinə nəticələndi, sizin yoxsa siyasətin?

- Düşünürəm ki, yenilik yaxşı şeydir. Yenilik hərəkətdir. Hərəkətdə isə hər zaman bərəkət olur. Bu keçidin daha çox kimin xeyirinə olduğunu isə zaman göstərəcək.

 

OXŞAR XƏBƏRLƏR