İcra başçısının qəbulunda

DÜNYA
12:09 19.06.2012
2011
Seymur VerdizadəTəxminən 14 il əvvəlin söhbətidir. Həmin vaxt mən “Bu gün” qəzetində şöbə müdiri işləyirdim. Ölkəmizin şimalında yerləşən rayonların birinin icra başçısı haqqında tez-tez tənqidi məqalələr dərc edirdik.
Rayon rəhbərliyi şikayətçilərin haqsız olduğunu iddia edirdi. Sakinlərin narazılığı isə səngimək bilmirdi. Günahsız olduğunu deyən icra başçısı ilə hüquqlarının pozulduğunu iddia edən bir qrup adamın arasında qalmışdıq.Təklif icra başçısından gəldi. Xahiş etdi ki, rayon sakinlərini qəbul etdiyi vaxt biz də onun yanında olaq. Belə fürsət həmişə ələ düşmədiyi üçün onun təklifini qəbul etdik. Beləcə, qarlı-şaxtalı bir qış günü onunla birlikdə şikayətçiləri dinləməli olduq.Hava soyuq olduğu üçün qəbula cəmi dörd nəfər yazılmışdı. Əvvəlcə saçı-saqqalı ağarmış nurani bir qoca içəri daxil oldu. Əlindəki əsaya söykənib, kabinetin ortasında dayandı. Bəlkə də baş tərəfdə qoyulmuş masaya qədər irəliləyəcəkdi. Amma icra başçısı onu otağın tən ortasında qarşıladığı üçün irəliləməyə ehtiyac qalmadı. İlk dəfə gördüyü bu adamla köhnə tanışlar kimi görüşüb, hal-əhval tutdu. Sonra isə ərklə onu məzəmmət etdi. Dedi ki, nahaq yerə belə soyuq havada özünə əziyyət verib. And-aman elədi ki, əgər xəbər yollasaydı, özü onun yanına gələrdi. Nəhayət, ağsaqqal gəlişinin məqsədini ərz etməyə macal tapdı. Xahiş etdi ki, “narxoz”u qurtaran nəvəsini bankların birində işə düzəltsin. Kişiyə sözünü tamamlamağa imkan vermədi. Sovet hökumətini dağıdan adamların arxasınca danışıb, bankların özəlləşdirildiyini, bu sahəyə müdaxilə edə bilmədiyini dedi. Qocaya ən azı beş dəfə “sən öl” vurandan sonra qoluna girib onu qapıya qədər ötürdü. Otaq soyuq olsa da, çox hərəkət etdiyi üçün alnında tər damcıları əmələ gəlmişdi. Cib dəsmalı ilə alnının tərini silib, yerində əyləşdi.İkinci şikayətçi cavan gəlin idi. Qucağındakı körpəsinin ancaq bir yaşı olardı. Uşaq tanımadığı adamların yanında özünü narahat hiss etdiyi üçün anasını bərk-bərk qucaqlamışdı. Adətinə uyğun olaraq, bu şikayətçini də kabinetin ortasında qarşıladı. Yad adamın sürətlə onlara tərəf gldiyini görən uşaq anasına bir az da qısıldı. Amma o, buna əhəmiyyət verməyib, uşağı zorla qadının əlindən aldı. Qorxudan ağlamağa başlayan uşağı başının üstünə qldırıb, bir xeyli havada yellətdi. Sonra isə qəfildən geri dönüb, iri addımlarla masaya yaxınlaşdı. Masanın üstündəki ucuz konfetdən ikisini götürüb, uşağın ovcuna basdı. Bu dəfə söhbətə mən başladım. Gəlindən şikayətinin nə olduğunu soruşdum. Dedi ki, həyat yoldaşını nahaqdan tutublar. Xahiş etdi ki, onun həbsdən azad olunmasına kömək edək. Amma icra başçısı onun söznü ağzında qoydu. Dedi ki, polisin işinə qarışmağı ona qadağan ediblər. Sonra yenə uşağı anasından alıb, oynatmağa başladı. Qadına söz verdi ki, oğlu məktəbə gedəndə onun çantasını özü alacaq. Görünür, şikayətçi deməyə söz tapmadığı üçün uşağını qucağına alıb, sağöllaşmadan kabineti tərk etdi.Sonra otağa yaşlı bir qadın daxil oldu. Ağ birçəkləri başına örtdüyü kəlağayının altından çölə çıxmışdı. Bəbəklərinin dərinliyində bir yığın kədər gizlənmişdi. İcra başçısı irəli yeriyib, onun əlindən yapışdı. Xahiş etdi ki, əlini öpmək üçün ona icazə versin. Amma qadının cavabını gözləmədən onun sağ əlini dodağına yaxınlaşdırdı. Nəhayət, qadın fürsət tapıb, sözə başladı. Uzaq dağ kəndlərinin birindən gəldiyini, öğlunun Qarabağda şəhid olduğunu dedi. Amma icra başçısı ona sözünü tamamlamağa imkan vermədi. Əlini yaşlı qadının çiyninə qoyub, “Sizin oğlunuz yaşayır”, - dedi. Bu sözləri eşidəndə heyrətdən az qaldı ki, qadının gözləri kəlləsinə çıxsın. Mən də çaşıb qalmışdım. Əvvəlcə qarşısında dayanmış şəhid anasını, sonra isə məni süzüb, belə dedi: “Şəhidlər ölmürlər. Onların əziz xatirəsi həmişə xalqın qəlbində yaşayır”.Araya dərin sükut çökdü. Handan-hana qadın evinin damının uçduğunu, hər gün başına yağış yağdığını dedi. İcra başçısından xahiş etdi ki, onun evinin damını təmir elətdirsin. O, sifətinə məzlum bir görkəm verib, rəhbərlik etdiyi rayonda uçmuş evlərin təmiri üçün büdcədən vəsait ayrılmadığını dedi. Qadına məsləhət gördü ki, Sosial Təminat Nazirliyinə müraciət etsin. Sonra isə bir parça ağ kağıza nazirin adını yazıb, onun ovcuna basdı. Deyəsən, qadının başqa şikayəti də vardı. Amma ona ağzını açmağa imkan vermədi. Qoluna girib, danışa-danışa qapıya qədər ötürdü.Sonuncu şikayətçi də qadın idi, Təxminən 60-65 yaşı olsa da, gümrah görünürdü. Əmin addımlarla irəli yeriyib, icra başçısına əl uzatdı. Dedi ki, bura gəlməyindən həyat yoladışının xəbəri yoxdur. Əgər yoldaşı şikayətə gələcəyini bilsəydi, qapını arxadan bağlayıb, onu evdən çölə buraxmazdı. Qadın söhbətə həvəslə başlasa da, sözünü tamamlamağa imkan tapmadı. İcra başçısı ondan neçə yaşı olduğunu soruşdu. Dedi ki, 63 yaşı var. Bu sözləri eşidəndə, icra başçısının gözləri qıyıldı. Bic-bic gülüb, belə dedi: “63 yaşlı qadının yoldaşı yox, qardaşı olur. Bundan sonra kişidən danışanda, yoldaşım əvəzinə qardaşım deyərsən”. Bir andaca qadının çöhrəsi dəyişdi. “Allah üzünün suyunu töksün”, - deyib tələsik otağı tərk etdi.Sonuncu şikayətçinin də getdiyindən əmin olandan sonra mənə yaxınlaşıb, gülə-gülə qəbuluna gələn adamlarla necə davrandığını soruşdu. Mən də gülə-gülə cavab verdim ki, əla davrandınız, Sizin iş təcrübənizi ölkəmizin digər rayonlarında da yaymaq lazımdır. Səsimdəki ironiyanı tutmadığı üçün minnətdarlıq əlaməti olaraq, başını sinəsinə doğru endirdi. Zarafatımı ciddi qəbul etdiyini görüb, onu bir az da həvəsləndirdim. Söz verdim ki, qısa müddət ərzində onun haqqında müsbət bir məqalə yazacağam. Amma həmin məqaləni yazmağa ehtiyac qalmadı. Çünki cəmi bir həftə sonra onu tutduğu vəzifədən azad etdilər...

OXŞAR XƏBƏRLƏR