Kamran MƏHƏRRƏMLİ Mənim doğma dilimizə daxil olan hər əcnəbi sözdən xoşum olur. Bu sözlərin çoxunda eneji yoxdur. Ancaq "nostalji" sözündən ağıllı-başlı xoşum gəlir. Bu söz bizim dilə tərcümədə "xiffət", "nisgil" sözləri ilə eynidir. Adam kiminsə, nəyinsə xiffətin çəkir. İtirdiyimiz nələrinsə nisgili bizi həmişə göynədir. "Nostalji", "nostalgiya" sözləri keçmişlə, yəni artıq əlimizdən çıxmış, bizim olmayan şeylərlə bağlıdır. Sovet dövrü də artıq keçmişdə qalıb. Adam hərdən həmin dövrü nostalji ilə xatırlayır. Gerçəkdən də nə qədər "imperiya", "totalitar rejim", "repressiya" desək də o dövrü heç cür unutmaq olmur. Həm də ona görə ki, bizim hamımız sovet uşaqlarıyıq. Müstəqillik dövrünün uşaqları bir az başqadırlar. Mənə elə gəlir ki, sonuncu sovet adamı ölənədək həmin dövr yaşayacaq. Biz hələ uzun müddət həmin dövrün çörəyini yeyəcəyik, pulunu xərcləyəcəyik. Böyük şairimiz Məmmədhüseyn Şəhriyar demişkən, "Mənim atam süfrəli bir kişiydi..." Doğrudan da, sovet dövləti süfrəli, çörəkli bir dövlət idi. Söhbət ondan getmir ki, hər şey aşıb-daşırdı. Yox. Söhbət ondan gedir ki, hamı nəsə tapırdı. Biri az, o biri çox, ancaq hamı tapırdı. Bəli, yuxarıda qeyd etdiyim kimi, bizlər hələ uzun müddət sovetin çörəyini yeyib, pulunu xərcləyəcəyik. ...Bu gün-sabah əmanət kitabçalarında sovet dövründən qalma əmanətlər-pullar əhaliyə qaytarılacaq. Yenə əhalimiz bir müddət bu pulları xərcləyib şellənəcək. Bəli, yaşlı adamlar həmin pullara əlləri əsə-əsə toxunacaqlar. Ötən günləri xatırlayacaqlar, kövrələcəklər. O pulları necə çətinliklə qazandıqlarını yada salacaqlar. Kimi zavodda, fabrikdə, tikintidə qan tər töküb, kimisi əlinin qabarı ilə, bir başqası beyninin qabarı ilə, o biri ürəyinin ağrısı ilə o pulları qazanıb. Yəni bu pulların əksəriyyəti zəhmətlə, alın təri ilə qazanılmış pullardır. Biznesmen dostlarımdan biri danışır ki, əlimizə yaxşı pul keçəndə evimidəki bütün mebelləri, digər əşyaları bayıra tullayıb bahalı mebellər almağa başladıq. Bunu görən atam xeyli kədərləndi və dedi ki, mən həmin əşyaları hər ay əmək haqqımdan bir az qırağa qoymaqla almışam. Sizlər nə haqla mənim aldığım əşayaları bayıra atırsınız. Əslində həmin əşyaları bayıra atmaq həmin qocanın keçmişini bayıra atmaq kimidir. Keçmiş ancaq insana xasdır. İnsandan başqa heç bir canlının keçmişi, gələcəyi yoxdur. Ancaq bu günü, bu anı, bu dəqiqəsi var. İnsan isə keçmişdən qurtula bilmir. 20 ildir soveti sökürük. Zavodunu, fabrikini, kolxozunu, sovxozunu sökürük. Metallom kimi çox ucuz qiymətə satırıq. Yenə sovet bitmək bilmir ki, bitmir. Hələ sovetdən çox şeylər qalıb. Bu gün əmanətlərini qaytarırlar, sabah nəyini qaytaracaqlar Allah bilir... Ancaq sovetin yaxşılarını ürəklərdən, beyinlərdən silib atmaq, söküb-dağıtmaq mümkün deyil. Sovetdən qalma bütün heykəlləri də sökdük. Yəni bütün bütləri yerlə-yeksan etdik və yerində fontan tikdik. Mən başa düşürəm ki, fontan da lazımdır, ancaq əvvəlcə içməyə, canımızın kirini yumağa su olsun, sonra fontan da pis olmaz... Bəli, yıxdıq bütün bütləri. Bu yerdə ustadının Hazim Hikmətə dediyi sözlər yadıma düşdü: "Övladım, bizlər də bir zaman nələrisə yıxardıq, indi yıxdıqlarımızı dikəldirik". Gəlin bizdə dikələk, əsas dikəlməkdir. Əsas qamətdir. Qamətinizi dik saxlayın, qalanı boş şeydir...Çünki qaməti əyiləni, heç Allah da dikəldə bilməz. Haydı, sovet pullarına doğru. Xoşluqla xərcləyin...