Başı bəlalı qanun – 'Defamasiya'

MAQAZİN
18:51 30.05.2012
2491

“Ölkəmizdə bütünsahələrbeynəlxalqtələblərə cavabverməlidir”, “Buyöndə artıqbirsıraməqsədyönlü addımlaratılıbvə yaxudAzərbaycandabütünsahələrdünyastandartlarınauyğunformalaşdırılıbkimiaçıqlamaları yəqinki,rəsmilərinvə hökumətadamlarınındilindəndəfələrlə eşitmisiniz. Bəli, görünən odur ki, Azərbaycan dünya təcrübəsindən yararlanaraq bu yöndəmüəyyən addımlar atır, bir sıra islahatlar həyata keçirir. Təhsil, idman, iqtisadiyyat, siyasət kimi qabaqcıl sahələrin inkişafına, beynəlxalq normalara cavab verilməsinə can atılır.Bu canatma hər nə qədər ləng olsa da, media sahəsindən də yan ötmür. Aparılan islahatlara baxmayaraq bir çox problemlərin olduğu faktını da inkar edə bilmərik. Azərbaycandakı mövcud vəziyyətdən, 4-cü hakimiyyət adlandırdığımız jurnalistikanın hazırkı durumundan hər kəs xəbərdardır. Bəzi boşluqların olması və ya həddindən artıq yüklənmənin mövcudluğu üzündən Azərbaycan mediasının dünyanın aparıcı ölkələrindən geridə qalması isə daha bir faktdır. Azərbaycanı təkcə inkişaf etmiş Avropa ölkələri ilə deyil, həm də Cənubi Qafqazla müqayisə etsək, həmin ölkələrə nisbətən mediada ciddi problemlərin olduğunu aşkar edə bilərik. Bu problemlərdən biri də“Defamasiya” haqqında qanunla bağlıdır.

Qanun layihəsi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin müddəalarına əsasən hazırlanıb. Defamasiya şəxsin nüfuzunu cəmiyyətin gözündə aşağı salmaq anlamına gəlir. Başqa sözlə, defamasiya şəxsin şərəf və ləyaqətinə bilərəkdən və ya bilməyərəkdən toxunan yazılar yazmaq, ifadələr işlətməkdir. Qanun təhqir və böhtana görə cinayət məsuliyyətini əsas tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrimülki məsuliyyətlə əvəz etməyi nəzərdə tutur.

“Defamasiya” haqqında qanun Azərbaycanda ortaya çıxdığı gündən ciddi rezonansa səbəb olub. ATƏT-in Bakı ofisinin Azərbaycanda tətbiqi ilə bağlı 2005-ci ildə hazırladığı bu qanun layihəsi ətrafında söz-söhbət 2012-ci il olmasına baxmayaraq hələ də səngimək bilmir. Bunun nəticəsidir ki, qanunla bağlı bəlli bir sonuc əldə olunmayıb. İlk gündəki kimi bu qanun layihəsinə birmənalı münasibət yoxdur.

Bu həsrət nə vaxt bitəcək?

Medianın gündəmini zəbt edən“Defamasiya”haqqında qanunla bəziləri, ümumiyyətlə, razılaşmasa da, buna hazır olmadığımızı, qanunun qəbulunun hərc-mərcliyə, davaya, təhqir və böhtana gətirib çıxaracağını desədə, başqa bir qisim buna zərurətin olduğunu, qanunun qəbulunun medianın azadlığına təkan verəcəyini qeyd edir. Əslində, fərqli qütblərin olması adi haldır. Lakin layihənin müzakirəsinin 5 ildən də uzun sürməsi bir az ilginç görünür. Hər halda bu müddətdə ortaq məxrəcə gəlmək mümkün idi. Hələ də fikir mübadiləsinin, müzakirələrin davam etməsi istər-istəməz adamı başqa fikirlərə düşməyə vadar edir. İlk ağıla gələn isə qanunun qəbul olunmasına hakimiyyətin maraq göstərməməsidir. Onu da deyim ki, bu çoxluğun gəldiyi qənaətdir. Belə olan halda isə 2011-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin respublikada insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiqləməsinin və bu proqramda Azərbaycan parlamentinin 2012-ci il ərzində “Defamasiya” haqqında qanunu qəbul etmək tövsiyyəsinin formal xarakter daşıdığı ortaya çıxır.

Qanun hakimiyyətin maraqlarına xidmət edir, amma...

Keçmiş siyasi məhbus, jurnalist Eynulla Fətullayev öz müsahibələrində dəfələrlə bu fikrin tərəfdarı olduğunu qeyd edib. Jurnalist qanun layihəsinin qəbulunun tamamilə əleyhinədir. Onun fikrincə, əgər qanun qəbul olunarsa, məmurlar jurnalistləri cəzalandırmaq üçün başqa metod və yollardan istifadə edəcəklər. Bu baxımdan E.Fətullayev hesab edir ki, qanunun qəbulu jurnalistlərdən və cəmiyyətdən çox hakimiyyətə sərf edəcək. Bu zaman ortaya bir sual çıxır: əgər hakimiyyətə sərf edən qanundursa, onda niyə qəbulunu yubadırlar? Maraqlısı odur ki, bunu heç E.Fətullayev də başa düşə bilmir.

Qaynar.info xəbər portalının baş redaktoru Fərid Şahbazlı isə düşünür ki, qanunun qəbulu medianın inkişafına təkan və töhfələr verə bilər.“Defamasiya”haqqında qanun layihəsi olduqca humanist addımdır. Düşünürəm ki, bu qanun kimin kim olduğunu üzə çıxaracaq. Peşəkar və məsuliyyətli jurnalistlər bunun səmərəsini daha çox görəcəklər. Eyni zamanda düşünürəm ki, əslində bu qanuna Azərbaycanda ehtiyac da yoxdur. Defamasiyaya o ölkələrə lazımdır ki, orda jurnalistlər dedikləri sözə, işlətdikləri ifadəyə görə həbs və təqib olunsunlar.Azərbaycanda bu tendensiyadan danışmaq olmaz. Lakin AŞ qarşısında götürdüyümüz öhdəliklərə hörmət əlaməti olaraq qanunun qəbulunu labud hesab edirəm.Əminəm ki, tezliklə qanun layihəsi qüvvəyə minəcək.”

“Söymə nökər atamı, söyməyim bəy atanı”

Millət vəkili, jurnalist Aqil Abbas təhqir və böhtana görə cinayət məsuliyyətini ləğv edib mülki qaydada məhkəmədə iş qaldırmağı həm mümkünsüz, həm də ədalətsizlik hesab edir. O qeyd edir ki, bəzi jurnalistlər bundan istifadə edərək öz yazılarına təhqir və böhtan əlavə edəcəklər. Nəticədə bu ədavətə, davaya səbəb olacaq. “İndi deyirsiniz ki, kimsə mənim atamı söyəcək, mən ağzıma su alıb oturacam? Necə deyərlər, söymə nökər atamı, söyməyim bəy atanı. İnsanların şərəfi və heysiyyatı ilə oynamaq olmaz. Jurnalistin bayrağı obyektivlik və qərəzsizlik olmalıdır.”-deyə, millət vəkili “Defamasiya” haqqında qanunun əlehinə olduğunu ifadə edib. O, təhqir və böhtana görə jurnalistin məhkəməyə verilməməsini təmin edəcək “Defamasiya” haqqında qanunun qəbuluna birmənalı şəkildə qarşıdır.

Pezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mediaya son açıqlamasında qanunun qəbuluna hazır olmadığımızı deyib. Onun sözlərinə görə “Defamasiya” haqqında qanunu bir gündə qəbul etmək mümkün deyil. “Cəmiyyətin, mətbuatın defamasiyaya hazırlanması sahəsindəki işlər zaman tələb edir. Hazırkı vəziyyətdə nə Azərbaycan dövləti, nə cəmiyyət, nə də mətbuat qanunu qəbul etməyə hazırdır. Düzdür, hər üçü müəyyən iradə nümayiş etdirir , amma bu gün bütövlükdə Azərbaycan mediası yazılanların hamısının məsuliyyətini, öz üzərinə götürməyə hazır deyil. Təəssüflər olsun ki, hələ də bizim jurnalistikada yazıb, sonra düşünmək təcrübəsi güclüdür. O ki qaldı dövlətə, dövlət bu qanunun qəbul edilməsində daha çox maraqlıdır. Çünki dövlət istəyir media bu məsuliyyəti öz üzərinə götürsün, cəmiyyət medianın yazdıqlarına daha dözümlü olsun, nəticədə o da bu sahədə tənqidə daha az məruz qalsın. Mən hesab edirəm ki, biz “Defamasiya” qanununun qəbul edilməsinə hazır deyilik, lakin əsas odur ki, bu istiqamətdə fəaliyyətə başlamışıq. Cənab prezident İlham Əliyev öz iradəsini ortaya qoyub ki, əgər dünya ölkələri buna gedirsə, Azərbaycan da buna gedəcək.”

Qanunun hərc-mərcliyə gətirib çıxaracağını düşünənlərə və jurnalistikanın bu qanuna hələ hazır olmadığını düşünənlərə cavab olaraq hüquqşunas Ələsgər Məmmədli deyir ki, istənilən qadağa mütləq şəkildə geriləməyə səbəb olur: “Həm cəmiyyət, həm də KİV işçiləri“Defamasiya”haqqında qanuna çoxdan hazırdır. Əslində bu məsələ elə layihə hazırlandığı vaxt da qəbul olunmalıydı. Hətta bu qanun layihəsi Ermənistanda da qəbul olunub. Azərbaycanda niyə bu məsələnin həlli yubadılır, anlamıram. Bəzi qanun əleyhdarları düşünür ki, böhtana görə “Defamasiya”haqqında qanunun qəbuluna, guya, hazır deyilik. Amma bu kökündən yalnış yanaşmadır. Bu fikri irəli sürənlər vaxtilə ölüm hökmünü ləğv edəndə də deyirdilər ki, cəmiyyət hazır deyil. Amma nəticə göz qabağındadır”. Ə.Məmmədlinin fikrincə, qanunun qəbulunun tezləşdirilməsi vacibdir.

Məlum məsələdir ki, təkcə cəmiyyətin ayrı-ayrı təbəqələrinin deyil, həmçinin, KİV nümayəndələrinin əksəriyyətinin bu qanun layihəsi haqqında ya ümumiyyətlə, anlayışı yoxdur, ya da natamam bilgiyə malikdirlər. Ekspertlər hesab edirlər ki, məhz bu anlaşılmazlıq və məlumatsızlıq qanunun qəbulunun ləngiməsinə birbaşa səbəblərdən biridir. Buna görə də Azərbaycan mediasının aktual problemlərindən olan “Defamasiya” haqqında qanunla bağlı treninq və təlimlərin keçirilməsi labüd sayılır.

Başqa bir qisim ekspertin qənaətincə isə qanunun qəbulunun gecikdirilməsinin əsas səbəblərindən biri də jurnalistin peşə borclarını və öhdəliklərini bilməməsi ilə əlaqədardır. Öz öhdəliklərini və jurnalistlik kodekslərini bilməyənlərin çoxluğu qanunun qüvvəyə minməməsinə səbəb olan amilərdəndir. Mətbuat Şurasınının üzvü, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov nahaq yerə reket jurnalistikasının əngəl olduğunu vurğulamır. Reket jurnalistikasının mövcudluğu məsələnin həllini uzadır, deyən Bəxtiyar Sadıqov insanların haqsız olaraq qəzetlərin hücumuna məruz qalmasını, onların şərəf və ləyaqətlərinin əsassız şəkildə alçaldılmasını əngəllərdən biri hesab etsə də, yaxın vaxtlarda qanunun qüvvəyə minməsinə ümid edir.

“Defamasiya”haqqında qanunun qəbul olunmasına ümid edənlərdən biri də layihəni hazırlayıb təqdim edən işçi qrupuna daxil olan millət vəkili Qənirə Paşayevadır. Qənirə Paşayevanın sözlərinə görə, bu layihəni onlar gələcəyə ümidlə hazırlayıblar. O, qanun qəbul olunduğu halda medianın daha da azad və peşəkar olacağına inanır. Qanunun qəbulunun gecikdirilməsinə gəlincə, millət vəkili bunun hakimiyyətlə heç bir əlaqəsinin olmadığını söylədi. “Prezident İlham Əliyevin də bu barədə tövsiyyəsi var”, deyən Qənirə Paşayeva “ümid edirəm ki, bununla bağlı müzakirələr daha da sürətlənər və tezliklə qanun qəbul olunar”- deyərəkfikrini yekunlaşdırdı.

Mətbuat Şurasının sədri Əflatun Amaşov mediaya son açıqlamasında deyib ki, ”Defamasiya” haqqında qanun bu il Milli Məclisin payız sesiyasında qəbul oluna bilər. Onun sözlərinə görə , ”Defamasiya” haqqında qanun bu il bir sıra sənədlərdə öz əksini tapıb. Azərbaycan özünün ”Defamasiya” haqqında qanununa sahib olacaq. Yəqin ki, payız sesiyasında qanuna baxılacaq və qəbul olunacaq” – deyə Amaşov bildirib.

Fərqli fikirlər, fərqli mülahizələr və müxtəlif yanaşmalar... Kim haqlıdır, kim haqsız...Əslində, kimin haqlı, kimin haqsız olması sadə vətəndaş üçün o qədər də maraqlı deyil. Onların istədiyi yalnız və yalnız doğru-düzgün infomasiya əldə etməkdir. Həqiqət olan yerdə isə haqq öz yerini tapacaq.

Rövşən Abdurəhmanlı

Yazı Media Hüququ İnstitutu və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) keçirdiyi jurnalist müsabiqəsinə təqdim olunur.

OXŞAR XƏBƏRLƏR