Lorin - baş tutmayan niyyətlər və xəyallarımızın eyforiyası - KÖŞƏ
20:17 30.05.2012
1821
Əvəz RÜSTƏMOV Məlum olduğu kimi, Bakıda keçirilən nüfuzlu «Eurovision-2012» yarışmasında İsveç təmsilçisi Mərakeş əsilli Lorin «Eyforiya» mahnısı ilə qələbə qazandı. Əlbəttə, müğənninin ifa etdiyi mahnı və səhnə performansı kifayət qədər mükəmməl sayılmalıdır və çox güman, onun qələbəsinə hamı razıdır. Sırf musiqi hadisəsi mənasında Lorinin zəfərinin tayı-bərabəri yoxdur. Baxmayaraq ki, başqa gözəl ifaçılar da qələbəyə layiq idilər.Qələbədən söz düşmüşkən, şablon səslənsə də, deyim ki, «Eurovision-2012»-də ən böyük qələbəni Azərbaycan qazandı. Zənnimcə, tutduğu mövqedən, həyata baxışlarından asılı olmayaraq hər kəs bunu etiraf etməyi bacarmalı, müsabiqə öncəsi, yarışmanın keçirildiyi müddətdə, elə indinin özündə də nüfuzlu musiqi olayı ilə bağlı siyasi müstəvidə nəzərə çarpan məqamları nəzərdən qaçırmamalı, hadisə və proseslərdən düzgün nəticə çıxarmalıdır. Bəli, dəfələrlə deyilib ki, müsabiqənin tarixi ərzində onun siyasiləşdirilməsi meylləri indiki qədər aşkar müşahidə olunmayıb. Bizə qarşı qərəz, təxribat və daha nələrsə var. İstər aşağı, istərsə də yuxarı səviyyədə mövcud deyimin müxtəlif formalarda dərk edildiyi qənaətindəyəm. Uzağa getməyim, o gün qonşum belə halları o ki var pislədi. Yetərincə əsəbi tonda dedi ki, «Eurovision» zamanı hay-küy qaldırıb ölkənin adını bədnam etmək istəyənlər vətən xainləridirlər. Qonşuluğumuz öz yerində adam bir ildir, gömrük məntəqəsində işə düzəlib və necə olubsa, bu müddətdə blokumuzda daha iki üç otaqlı mənzil ala bilib. Özünə qismət, amma zənnimcə, vətən xaini, şərəfsiz, vicdansız kimi ifadələrin bütün şəraitlərdə keçərlililiyi düşüncəsini rəhbər tutmalıyıq. Yəni məcbur deyil ki, kimsə cəbhədə döyüşməkdən qaçaraq, yaxud qeyri-məqbulluğu aşkar görünən hərəkətə yol verərək nalayiq adlandırılmalarla üzləşsin. Əsas məsələ hərənin öz işində düzgünlüyü, içində özünə verdiyi sualdır - mən bu vətən üçün nə edirəm? Etdiyim iş düzgündürmü? Təəssüf ki, əksər hallarda başqalarının bizə etdiklərində doğruluq axtarışına çıxırıq…Düşünmürəm ki, müxtəlif aksiyalar düzənləyərək «Eurovision» timsalında ölkəni, lap elə hakimiyyəti də gözdən salmağa qalxaraq siyasi mübarizə apardıqlarını ağıllarından keçirənlər mövqelərində, istək və hədəflərində səmimidirlər. Bu adamlar sadəcə oyun oynayırlar və oyunları insanların ehtiyac duyduğu dəyərlərlə manevr üzərində qurulur. Amma qonşum bir il ərzində iki üç otaqlı ev ala bilirsə, gərək onun qonşusu kimi mənim və mənim kimilərinin həmin müddətdə azından bir yeni tövləsi olaydı. Yoxdur, nə yenisi, nə də köhnəsi. Məncə, mövcud durumda ən pis vəziyyətə düşənlər məhz ortada qalanlardır. Onlar «Eurovision-2012»-nin möhtəşəm görüntülərinə baxıb vətənlərinin dünya məkanında özünə layiqli yer tutmasından, böyük mədəniyyət hadisəsinə layiqincə töhfə verə bilməsindən sevinc göz yaşlarını belə doyunca axıda bilmirlər. Yadlarına köntöy qonşuları düşür və yalnız ürəklərində deyirlər ki, qardaş, bəsdir, heç olmasa, sən, boğazdan yuxarı danışma! Həm də ona görə açıq demirlər ki, belələrinin sayı kifayət qədərdir. Kimə nə söyləyəsən? Əsəb tab gətirmir, çənə dözmür…«Eurovision-2012» ilə bağlı ikinci məqam az öncə haqqında söz açdığımız siyasiləşmə meyllərinin total, çoxqütblü xarakter almasında idi. Zənnimcə, məhz belə taleyüklü məqamlarda kimin dost, kimin düşmən olduğu yaxşı görünür. Daxili amil nöqteyi-nəzərdən nə sözü ilə əməli uyğun gəlməyənlər, nə də hakimiyyətə qarşı ifrat ifadələrə yol verərək bəlli publikaya işləyənlər haqlıdırlar. Yəni, onlar yumşaq desək, dost deyillər. Ortada qalanlar isə göz yaşları ilə birgə bütövlükdə varlıqlarını da tərəddüdlər içərisində boğurlar. Birincilərin tərəfində dursalar, gərək, tövlə üzünə həsrət qalmaq taleyi ilə barışsınlar. İkincilərə tapınsalar, nə qədər olmasa, vicdanları onları boğacaq. Qalır susmaq, o da insanın ürək-göbəyini yeyib-tökür. Ümumən isə toplumun belə bir dilemmadan doğan qeyri-müəyyənlik sindromunu yaşatması acınacaqlıdır. Cəmiyyətin bu vəziyyəti aradan qalxmalıdır ki, onun xaricdən gələn naqisliklərə cavabı tutarlı alınsın. Reaksiyası vətənpərvərlik hissləri qıcqırmış qonşumun boşboğazlığına oxşamasın. Məntiqi və səlist təsir bağışlasın. «Almaniyada həkimlər xəstədən pul almamamağı təsəvvürlərinə gətirmirlər… Fransada çörək növbəsində dayanan qız acından huşunu itirdi» kimi gülünc «təbliğat» vasitələri ağlımızdan keçməsin.Beynəlxalq müstəviyə gəldikdə isə, burada dost-düşməni müəyyənləşdirməkdə mübarizə peşəkarlığı zəruri olsa da, mürəkkəb dəyərləndirmələrə o qədər ehtiyac yaranmadı. Azərbaycana həm Qərbdən, həm də İranın timsalında Şərqdən təzyiq halları yaşandı. «Eurovision-2012»-nin keçirilməsinə bir neçə ay qalmışdan başlayaraq intensivləşən tendensiya müsabiqənin ən son dəqiqələrinədək davam etdi. İranlı olduğu bildirilən jurnalistin hazırladığı təxribatçı sujetdə Azərbaycan bayrağına atdığı təpik mübarizənin artıq açığa çıxan detalından başqa bir şey deyildi. Bu, sırf psixoloji mahiyyət daşıyırdı, istək və məramların gerçəkləşməməsindən doğan hirs, hiddət nümunəsi idi. Əslində ötən müddətdə Almaniyanın, eləcə də Avropanın digər ölkələrinin mediasının Azərbaycanla əlaqədar materialları da kənardan vurulmuş nəmərd təpik effekti verirdi.İran hakimiyyətinin niyyət əyriliyi qalstuklu avropalılarınkından fərqlənmədi. Sadəcə Tehran dairələri eyni zamanda öz daxillərindəki gərginliyi aradan qaldırmaq üçün diqqəti Azərbaycana, daha doğrusu özlərinin inandıqları qaydalara guya zidd olan «Eurovision» yarışmasının anti-təbliğatına yönəltdilər. Həmçinin ölkəmizin hesabına Qərb insanının onlara ərazicə kütləvi yaxınlaşmasının qarşısını almağı fikirləşdilər. Necə də düşünməsinlər? İslam Respublikası adını daşıyan məmləkət hələ də müstəqil Azərbaycan Respublikasının varlığını tarixi səhv kimi qələmə verirsə, həmin ölkənin rəsmilərinin baxışlarında «Eurovision» və onun kimi mötəbər hadislər səhvin aradan qaldırılması imkanlarını şübhəsiz, məhdudlaşdırır, hətta tamamilə sıradan çıxarır, müstəqil Azərbaycanın mövqeyini möhkəmləndirir. Buna görə də cənub qonşumuz hər vəchlə çalışır ki, ölkəmizin Avropa məkanına inteqrasiyası baş tutmasın. Azərbaycanı dini fundamentalizmin məngənəsində boğulan cahil məkan kimi təsvir etmək isə dünyanı bizdən iyrəndirməyə hesablanmış gedişdir.Amma nüfuzlu musiqi yarışmasının nəticəsində Avropa vətənimizi gördü, onun insanları ilə təmaslar qurdu və bununla indiyədək gerçəkləşməyən tarixi missiya reallaşmış oldu. Demək, İran ideoloji mübarizə müstəvisində uduzdu.İrandan fərqli olaraq Avropa daha tədbirli davrandı. Hər şeyi axıradək ölçüb-biçdi. Onun yanaşmasında daha çox soyuqqanlılıq var idi və bu cəhət mümkün uğursuzluğun son anda qələbə kimi təqdimatına hesablanmışdı.Söhbətimin əvvəlində Lorinin ifasından təsadüfən söz açmadım. Təbii ki, müğənnini üzərində oyun quran, bəlkə oyunu lap öncədən planlaşdıran Avropa zəfərə aparacaq mahnını düzgün müəyyənləşdirməyə bilməzdi. Bir məsələni də vurluğamaq lazımdır ki, köhnə qitəni iqtisadi böhranların bürüdüyü vaxtda «Eurovision-2012» tutalım, İtaliyada və ya İspaniyada, eləcə də Fransa yaxud Almaniyada onsuz da baş tutası deyildi. Böyük Britaniya isə bu il olimpiya oyunlarına ev sahibliyini gerçəkləşdirəcək. Bu anlamda ən münasib ölkə məhz İsveç idi ki, o da belə deyək, Lorinin eyforiyasına (müğənninin ifa etdiyi mahnı Eyforiya adlanır) qapıldı. Yəni təbliğat elə quruldu ki, Avropa ictimai rəyi böyük hesabla həmin musiqi parçasından başqa heç nə eşitmədi. Şübhəsiz, evlərində oturub «Eurovision-2012»-ni izləyən sadə avropalılar Lorini bəyəndiklərindən onun səhnəyə çıxaraq hansısa siyasi jestlər etməsi tamam başqa effekt verərdi. Mərakeş əsilli müğənni isə buna birbaşa getmədi. Getdiyi ölkəmizdə «Eurovision» əleyhinə təbliğat aparanların ofisləri oldu ki, çox güman, həmin hərəkət əks düşərgədə özünə qarşı sərt reaksiyanın formalaşmasına hesablanmışdı. Təsəvvür edin ki, Azərbaycanın hakimiyyət dairələri və iqtidaryönümlü mediası Lorini tənqid edir və müğənni «Eurovision-2012»-nin Bakı səhnəsindən qalib ayırılır…