'Azadlıq' qəzetinin əməkdaşı 3 min AZN cərimələndi
00:30 30.05.2012
1428
Lənkəran Məhkəməsi “Azadlıq” qəzetinin reportajları ilə tanınan yazarı Ramin Dekonu 3 000 AZN cərimələyib. Məhkəmə millət vəkili Novruzəli Aslanovu Cəlil Məmmədquluzadənin yaratdığı Novruzəli obrazı ilə müqayisə edən qəzet yazısına görə belə qərar çıxarıb. Jurnalistin hüquqlarının Media Hüququ İnstitutunun hüquqçusu Fariz Namazlı müdafiə edir. Məhkəmə qərarının onların iştirakı təmin olunmadan çıxarıldığını deyən hüquqçu “qətnamə qanunsuzdur, apellyasiya şikayəti verəcəyik” deyib. Millət vəkili Novruzəli Aslanov “Azadlıq” qəzetinin 26 oktyabr 2011-ci il tarixli sayında dərc olunan “Füzuli Ələkbərov İvanovkada evləri 80 min manatdan alır” sərlövhəli yazıya görə Ramin Dekonu məhkəməyə verib. Sözügedən yazı İvanovka kəndi səkinləri ilə söhbət əsasında hazırlanıb. Kənd sakinləri kəndi təmsil edən millət vəkilindən şikayətləniblər.Millət vəkili N.Aslanov yazıda yer alan “...kənd camaatı Növruzəli Aslanovdan şikayətçidir. Onlar probelmləri ilə maraqlanmayan millət vəkilinə Novruzəli ayaması qoşublar...” ifadələrindən narazı qaldığı üçün məhkəməyə müraciət edib. Millət vəkilinin iddiasında qeyd olunub ki, “həmin ifadələr ölkənin ictimai siyasi həyatında özünəməxsus diqqətə layiq yer tutan millət vəkilinin şərəf və ləyaqətini aşağılayıb, onun dərin mənəvi sarsıntılar keçirməsinə səbəb olub”. Millət vəkili məhkəmədən xahiş edib ki, yazı müəllifinin üzr istəməsini, 10 min AZN cərimələnməsini nəzərdə tutan qərar qəbul etsin, habelə Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan cinayətinə görə xüsusi qərardad çıxarlsın.