Ermənistan boks yığmasının baş məşqçisi Rafael Meqrabyanın “Armsport. am” saytına verdiyi məlumata görə, erməni idmançılar Bakıya gələcək. “Bakıda keçiriləcək boks üzrə Dünya çempionatı bu növ üzrə ən nüfuzlu turnirdir. Bundan başqa Bakıda keçiriləcək Dünya çempionatı 2012-ci il London Olimpiadasına vəsiqə verən bir turnirdir. Buna görə də Ermənistan boks yığması mütləq həmin turnirdə iştirak edəcək”,- deyə Rafael Meqrabyan bildirib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ermənilərin Bakıya gələcəkləri təqdirdə onların təhlükəsizliyinə tam təminat veriləcək. Federasiyadan bildiriblər ki, onların bir dəfə erməni boksçuları ölkəmizdə qəbul etmək təcrübələri var. Federasiyadan verilən məlumata görə, Dünya birinciliyində iştirak etmək arzusu olan komandaların çempionata təxminən 2-3 ay qalmış iştiraklarını təsdiq edəcəyi gözlənilir.