"Oğlum deyirdi ki, ana sənə cənnəti yaşadacağam" - Helikopter qəzasında şəhid olan Emilin anası - VİDEO

SOSİAL
12:42 11.01.2022
1579
Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən baş verən qəzadan 40 gün ötür.

Qəza nəticəsində Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçulardan biri də, mayor Əliyev Emil idi. Emil yaddaşlarda ölümündən 15 dəqiqə əvvəl paylaşdığı foto ilə qalıb. 

AZXEBER.COM əməkdaşları şəhid hərbiçimizin 40 mərasimində iştirak edib. 
Şəhidin anası Şəmidə xanım oğlu ilə bağlı xatirələrini bölüşüb: 

- "Oğlum hələ uşaqlıqdan milli ruhda böyüyüb. Elə bu ruhda böyüməyi də onu Milli Təhlükəsizlik İnstituna aparıb çıxardı. İşini çox sevirdi. Helikopter idarə etmək o qədər də asan iş deyildi. Mən 44 günlük Vətən müharibəsində heç bir narahatçılıq keçirmədim. O qədər imanlı insanam, dua edənəm ki, hər zaman gözləyirdim ki, o dualar oğlumu qurtaracaq. Ancaq oğlum şəhidlik zirvəsinə qalxdı və mənə şəhid anası zirvəsini qismət etdi. 

Hər zaman deyirdi ki, ana mən sənə cənnət yaşatmaq istəyirəm. Sən o qədər əziyyət çəkmisən ki, mən bu əziyyətinin cavabını necə verəcəyəm ana? Mən ümid edirdim ki, yanvardan maaşları artacaq və o polkovnik olacaq, məni bununla sevindirəcək. Ancaq oğlum o rütbəni dada bilməsə də, şəhidlik zirvəsini daddı. Mən oğlumla qürur duyuram. O cənnətdədir və cənnət mələyidir”.

- Sonuncu dəfə Emillə nə zaman danışmışdınız sualına isə ana belə cavab verib: 

- "Hadisə baş verən gündən bir gün əvvəl bizə gəlmişdi. Yemek yedi, səhər iş üçün də yemək qoydum ona. Ancaq işindən heç nə danışmazdı. İşi ilə bağlı heç bir məlumatımız olmurdu. Səhər təlimə gedəcəyini belə bilmirdik, bizə deməmişdi. Oğlum çox şanslı oğlan idi. Bir dənə taleyi düz gətirmədi. Yoldaşı ilə də 5 il öncə ayrılmışdı, bir oğlu var. Bəxtinin niyə orada düz gətirmədiyi hələ də mənə qaranlıqdır. Qalan hər bir işdə çox şanslı idi, gözəllikləri sevirdi. Çox inci ruhlu insan idi. Mən həmişə uşaqlarla işə çatıb-çatmadıqlarını öyrənmək üçün əlaqə saxlayıram. Həmin gün Emilin iki nömrəsinə də zəng etdim, cavab gəlmədi, bir an dalağım sancdı. Narahatlıqdan günorta yeməyimi yeyə bilmədim. Mənə hadisədən xeyli keçəndən sonra xəbər verdilər, təxminən saat 6 olardı. Onun oğlu atası üçün məktub yazmışdı. Orda deyirdi ki, "sən əfsanə bir atasan.” Mən də razılaşıram ki, mənim oğlum artıq əfsanə oldu”.

- Övladına necə dediniz atasının şəhid olduğunu?

- "Oğlu 4-cü sinifdə oxuyur. 10 yaşı var. Dediyim kimi, onlar ayrılmışdılar, nəvəmə də anasıgil deyib. O, da çox narahat olmuşdu. Çünki oğlum həm də çox istiqanlı ata idi. Baxmayaraq ki, ayrılmışdılar, oğlum uşağının alimentini vaxtı-vaxtında ödəyirdi. Hər şənbə-bazar, bayramlarda nəvəm bizə gəlirdi. Bizi çox istəyir, eləcə də biz də onu çox istəyirik. Atasına çox bənzəyir. Ümidvarıq ki, atasının davamçısı, ona layiq olar. O xəbər ona veriləndə balaca ürəyi ilə nə qədər həyəcan keçirib. Fəxri xiyabana aparıblar, orada atasına məktub qoyub. Məktubda qeyd edib ki, sən təkcə mənim atam yox, nənəmin oğlu yox, bütün xalqın oğlu oldun. Buna görə də sən əfsanə atasan.
 

 

- Emilsiz keçən 40 günü necə izah edərdiniz?

- 40 gün ərzində düşündüm ki, görəsən hansı əməlimiz Allaha xoş gəlib ki, balam şəhidlik zirvəsinə ucalıb? Oğlum həmişə deyirdi ki, ana, sənə cənnəti bu dünyada yaşadacam,amma balam əbədi cənnətin qonağı oldu. Mən elə bilirəm ki, o, hər an bizimlədir. Evin hər guşəsində onun gözəl xatirələri var. 40 gün ərzində onu 5-6 dəfə yuxuda görmüşəm”.

Emilin şəhidlik xəbərini anasına verən xalası Aidə xanım da onun haqda fikirlərinizi bölüşdü:

- "Emil mənim oğlanlarımın qardaşı idi. Onlar daima bir yerdə böyüyüblər. Həmin gün bizim evdə də faciəli gün yaşandı. O, xəbəri ilk biz eşitdik, bunu bacıma deyə bilmirdim. Uşaqların hamısının diqqəti məndə idi ki, bu xəbəri baxlma vermək lazımdı. Bu həyatımın ən çətin işi idi. Bacıma necə ver bilərəm axı bu xəbəri? Ancaq geri yolu yox idi. Mən bu xəbəri günorta saat 1də bilməyimə baxmayaraq, bacıma axşam 6-da deyə bildim. Bu xəbəri internetdən ağlayaraq oxuyub dedim. Düzdü çox sarsıldıq. İtki insanın hec vaxt sağalmayan yarasıdır. Emil bizi bütün Azərbaycana tanıtdı. Biz onunla fəxr edirik. Allah Emilin ruhunu sag eləsin. Bacıma səbr versin. Bacımla bərabər biz də yandıq. Bu dərdi çəkmək şərəfli olduğu qədər də, çox çətindir”.

Şəhid sərhədçinin 40 mərasimində Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşı da iştirak edirdi. Onlardan biri də Dövlət Sərhəd Xidmətinin zabiti, tanınmış güləşçi Hacı Əliyev idi. O da şəhid Emil haqda öz fikirləini bölüşüb:


- "Bildiyiniz kimi helikopter qızasında biz 14 sərhədçimizi itirdik. Onlardan biri də Mayor Emil Əliyev idi. Biz yerli olmaqla yanaşı, uzaq qohumuq. Tək Emil yox, qəzada həlak olan 14 hərbiçi Dövlət Sərhəd Xidmətinin əməkdaşı idi. Dövlət Sərhəd Xidmətinin zabiti olaraq mənim də borcum idi bu gün, 40 mərasimində iştirak edim. Emil ailəsinin, dostlarının. Yaxınlarının sevimlisi idi. Ailəsinə və yaxınlarına səbr arzu edirəm. Allah rəhmət eləsin”
 
Günel Hüseynli
Hüseyn Həsənov

 

 

 



OXŞAR XƏBƏRLƏR