2023-cü il donuz qripini gətirir - Azərbaycanda da yayıla bilərmi?

SAĞLAMLIQ
15:51 30.12.2022
656
Son günlər ölkəmizdə kütləvi şəkildə xəstəlik müşahidə olunur. Əsasən yüksək hərarət, baş-boğaz ağrısı, halsızlıq və s. kimi əlamətlərlə müşahidə olunan xəstəliklər bağlı müxtəlif iddialar səsləndirilir. Sosial şəbəkələrdə irəli sürülən fikirlərə görə, qonşu ölkələrdə rast gəlinən H1N1 (donuz qripi) virusuna Azərbaycanda da rast gəlinə bilər.

Bəs Azərbaycanda yayılan xəstəliyin mənşəyi nədir? Donuz qripi ölkəmizə gələ bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

O, qeyd edib ki, donuz qripinin Azərbaycana gəlməsi tam realdır:

"Donuz qripinin Rusiyada geniş yayılması artıq fakt kimi təsbit olunub. Rusiyadan bütün sərhədyanı ölkələrə, post-Sovet ölkələrinə bu virusun yayılması realdır, o cümlədən də, Azərbaycana. Çünkü bu Azərbaycandan xeyli soydaşımız Rusiyada yaşayır və bunlar daim ölkəmizə gəlib gedirlər. Bu respirator infeksiyaların sərhəd tanımaması məlumdur. Bu baxımdan da donuz qripinin Azərbaycana gəlməsi tam realdır. Bəlkə də var, rəsmən qeyd edilməsə də".

Professor qeyd edib ki, hazırkı epidemiyaloji mənzərə xeyli narahatlıq doğurur:

"Bugünkü epidemiyoloji mənzərə xeyli narahatlıq doğurur. Bir tərəfdən pandemiya sona çatmayıb və "Omikron"un mutasiya olunmuş ştamları hələ davam edir. Digər tərəfdən koronavirusun mövsümü soyuqdəymə xəstəlikləri kimi pandemiyadan öncə mövcud olan 4 forması, hansılar ki, hər il soyuqdəymə xəstəliyi törədirdi, bunların mövcudluğu. Digər tərəfdən rinavirusların, qripin özünün mutasiya variantlarının hər il peyda olması qarışıq bir mənzərə yaradır. Hesab edirəm ki, onunla bağlı da insanlar pandemiyada aldığı təcrübədən yararlanmalıdırlar".

A.Qeybulla əlavə edib ki, əvvəlki kimi, insanlar qabaqlayıcı tədbirlər görməlidir:

"İnsanlar özlərini narahat hiss etdikdə maskadan istifadə etməlidirlər. Məsafə saxlamalıdırlar. Qapalı mühitdə həmin qaydalara dəqiq əməl etməlidirlər. Əllərini tez-tez yumalı, dezinfeksiya etməlidir ki, bu virusun yayılmasının qarşısı mümkün qədər alınsın. Həmçinin fiziki aktivliyi artırmaq, meyvə-tərəvəz qəbuluna daha çox diqqət etmək, təmiz havada gəzmək, bütün bunların hamısı immun sistemini möhkəmləndirmək istiqamətində addımlardır ki, virusa qarşı duruş gətirmək olsun. Ən azı, yoluxduqda da yüngül keçməsi təmin olunsun. Xəstələnən şəxsləri yataq rejiminə keçməsi mühüm şərtdir. Bol maye qəbul etməsi və həkim nəzarəti altında simptomatik müalicəni davam etdirməsi lazımdır".

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR