"Başqasının görüntüsündə görünmədən qəhrəman olmaq!"

KÖŞƏ
13:24 27.12.2024
144
Jurnalist Əfsələddin Ağalarov yazır (@efseleddin )

Operator həvəskar çəkilişə başlayır:

"Allahu-əkbər" deyən sərnişin təşviş içindədir. 

Sonra arxa kameranı açıb kabinin içini göstərir.

Kadrda orta yaşlı bir kişi görünür. Uzaq planda düşən sərnişin arxaya dönür. Qorxu və ümidsizliyin görüntüsünü göstər desələr, bu an bəs edər. 

Kameranı yenidən özünə çevirir. Davam edir: Allahu-əkbər, Allahu-əkbər, Allahu-əkbər...

Mikrafondan səslənən bələdçinin titrək müraciəti qışqırıq səslərini üstələyir: 

- 20 nəfər qabağa gəlsin. Əyləşin, hörmətli sərnişinlər, ayaq üstə durmayın. 

Kamera sabit şəkildə yenidən müəllifi çəkir: Allahu-əkbər, Allahu-əkbər, Allahu-əkbər...

"Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər. Təlimata uyğun hə...rəkət edin, hər şey yaxşı olacaq!" nidası eşidilir. 

Görüntü bitir.

Operator ikinci həvəskar çəkilişə başlayır.

Sağdır. Təyyarənin qalıqları yanında dövrə vuraraq davam edir: Allahu-əkbər, Allahu-əkbər, Allahu-əkbər...

*
Bir neçə saat sonra video bu başlıqla yayılır: "Dua edən sərnişin qəzadan sağ xilas oldu"

*
Daha bir neçə saat sonra hamı bu kadra diqqətlə baxır və səsə təkrar-təkrar qulaq asır. İndi daha aydın eşidir: "Hər şey yaxşı olacaq!"

*

Dinlədikcə adamın ürəyi boğazında atır. Kimdir o?! Bu nə cəsarətdir? Səsi su kimidir. Sanki biri başını arxadan o suya salıb səni boğur. Sən də çapalayırsan. 

Həyatdan danışaq;

Bu görüntülər olmasaydı biz Hökümənin nə səsini eşidəcəkdik, nə də o cəsarətli son cümləsini.

Onun ölüm anını çəkməyə belə zamanı yox idi. Amma birisi çəkdi, o birisi qəzadan xilas oldu və biz Höküməni tanıdıq. 

Hər kəs onun səsini və son nidasını duymalı idi, duydu da. 

Həyat elə bu qədərdir, həm də elə budur. 

Başqasının görüntüsündə görünmədən qəhrəman olmaq!

Ruhun şad olsun!

OXŞAR XƏBƏRLƏR