Almaniyanın nəhəng avtomobil konserni "Volkswagen” bu ilin ikinci rübündə ciddi mənfəət itkisi ilə üzləşib.
AZXEBER.COM AZERTAC-a istinadən xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz azalaraq 2,29 milyard, satış dövriyyəsi isə 3 faiz azalaraq 80,6 milyard avroya düşüb.
İlin əvvəlində şirkət 41 faiz zərər görüb. Zərərə ABŞ-ın tətbiq etdiyi rüsumların yaratdığı yük, yenidənqurma tədbirləri və elektromobillərin satışından əldə olunan mənfəətin az olması səbəb olub. Təkcə rüsumlar ilin ilk yarısında şirkətə 1,3 milyard avroya başa gəlib.
Bundan əlavə, "Volkswagen” və "Audi” markalarında, həmçinin "Cariad” törəmə şirkətində həyata keçirilən qənaət proqramları da əlavə yük yaradıb. Nəticəyə təsir edən başqa bir amil isə elektromobillərin satışının artması olub. Çünki "Volkswagen” bu avtomobillərdən hələ də daxiliyanma mühərrikli modellərlə müqayisədə daha az qazanc əldə edir.
Şirkət çətin şəraitdə irəliləyişlərin olduğunu, sifarişlərin çoxluğunu və məhsulların keyfiyyətində ciddi yaxşılaşmanın əldə edildiyini bildirsə də, 2030-cu ilə qədər 35 min iş yerinin ixtisar ediləcəyini açıqlayıb. Bu isə şirkətdə mövcud iş yerlərinin təxminən ¼-i deməkdir.