Ölü yuyub, kəbin kəsə bilən molla axtarılır

MARAQLI
10:12 25.02.2011
2439

 Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu tədbir 2009-cu ilin avqustunda “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”na edilmiş əlavələr və dəyişikliklərə müvafiq həyata keçirilir. Attestasiyadan keçənlərə QMİ-nin vəsiqələri təqdim olunacaq. İlk turdan keçə bilməyənlərə daha 3 ay vaxt veriləcək.

Əvvəlcə cənubdan başladılar…

QMİ-nin Fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadəisə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən cənub bölgəsində molların atestasiyası prosesində iştirak edən din xadimlərindən 300-ə yaxınına müvafiq attestasiya vəsiqəsi veriləcək. İndiyədək QMİ tərəfindən Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarının mollaları attestasiyadan keçmək üçün imtahan veriblər: «Ümumilikdə cənub bölgəsində aparılan imtahanın nəticələrini müsbət adlandırmaq olar». İmtahandan keçən mollalara dini işləri icra etmək üçün vəsiqə təqdim olunacaq. 

M.Seyidzadə vurğulayıb ki, birmənalı olaraq imtahandan keçməyənlərin siyahısı yerli icra strukturlarına təqdim olunacaq ki, onların molla kimi fəaliyyətinə qadağa qoyulsun. 

QMİ mətbuat xidmətinin rəbhəri Rəhimə Dadaşova isə deyir ki, din xadimlərinini dini biliklərinini yoxlanılması əvvəllər də aparılmış bir prosesdir. Keçən ilin payız aylarından başlayaraq, bu məsələ yenidən gündəmə gəlib. Əvvəl keçirilən attestasiyalardan indikinin fərqi odur ki, bu attestasiya Azərbaycanın bütün rayonlarını əhatə edir. İlk öncə attestasiya prosesi ölkənin cənub bölgələrindən başlanılıb. Komissiyanın həyata keçirdiyi proses nəticəsində imtahan biliklərini yoxlanılması üçün müraciət etmiş şəxslərin dini bilikləri, dini ayinləri həyata keçirmək vərdişləri yoxlanıldıqdan sonra, onların bu və ya digər vəzifəni apara bilməyə yararlılığı komissiyanın qərarında öz əksini tapır. 

Komissiyanın attestasiyanı keçirməkdə məqsədi, təkcə bu və ya digər dini vəzifələri tutan şəxslərin dini biliklərinin və vərdişlərinin yoxlanılması deyil. Eyni zamanda, bu vəzifələrə iddialı olan yeni insanların müraciətlərinə də baxılıb və bu proses ardıcıl olaraq aparılacaqdır. Artıq bu yaxınlarda bu proses, yeni bölgələrdə - Salyan, Saatlı, Sabirabad və İmişli rayonlarında davam etdiriləcək və bu barədə də ictmaiyyətə məlumat  veriləcəkdir. R.Dadaşova ümumilikdə respublikanın bütün regionlarını əhatə etməklə 2011-ci ilin birinci rübünə kimi, bu prosesin başa çatdırılacağını söylədi.

Vəsiqələr nəyisə dəyişə biləcəkmi?

OMİ-dən hesab edirlər ki, attestasiya dini maarifçiliyin ümumi səviyyəsinin artmasına böyük təsir göstərəcək, müsahibədən keçə bilməyən şəxslər cəmiyyətdə nüfuzlarını bərpa etməkdən ötrü dini biliklərini daha da təkmilləşdirməyə çalışacaqlar. Maraqlıdır ki, molların attestasiyası nəyi dəyişəcək?

İlahiyyatçı alim Elşad Miri mollaların attestasiyadan keçirilməsinin elə ciddi dəyişikliyə səbəb olmayacağı qənaətindədir: «Molların bu şəkildə attestasiyasının aparılması bünövrəsiz yerdə bir bina tikməyə bənzəyir. Çünki hazırda mollaları attestasiyadan keçirənlərin özlərinin attestasiyadan keçməsinə ehtiyac var.  Hesab edirəm ki, attestasiyadan öncə bu sahədə bir-birinə zidd olan bəzi məsələlərə aydınlıq gətirilməlidir. 

Attestasiyanın nə üçün Lənkərandan başlanılması maraq doğurur və bu heç nə ilə əsaslandırılmır. Digər tərəfdən əhalinin bu məsələni necə qarşılayacağı nəzərə alınmalıdır. Mollanı yas mərasiminə dəvət edən, yaxud kəbin kəsdirməyə gedən adam molladan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilən vəsinqəni tələb edəcəkmi? Buna görə də əsaslə işlər görmədən aparılan bu cür tədbirlər növbəti səhvə gətirib çıxaracaq».

E.Miri hesab edir ki, problemin aradan qaldırılması üçün ilk növbədə əhali arasında maarifləndirmə işləri aparılmalıdır: «Əsas problemlər qala-qala bu cür xırda məsələlərlə məşğul olunmasını doğru saymıram. Artıq ölkədə daha böyük və ictimailəşmiş problem yas mərasimləridir.  Yas mərasimləri ilə bağlı QMİ indiyədək ciddi bir addım ata bilmədiyi halda, müvafiq yerli icra hakimiyyəti orqanlarının bəziləri artıq tədbirlər görməyə başlayıb. 

Bəzi ərazilərdə yas mərasimləri ilə bağlı yeddi və üç mərasimlərini yığışdırıblar. Buna görə də QMİ ilk növbədə kütləvi informasiya vasitələrindən istifadə etməklə İslamda nəyin buyurulduğu ilə bağlı əhalini maarifləndirməlidir. İnsanlar özləri bilməlidir ki, İslamda nə buyurulub. Belə olsa, onlar savadsız mollalara müracəit etməyəcək».

E.Mirinin fikrincə, görülən tədbirlər mollaların fəaliyyətinin leqallaşdırılmasına da heç bir təsir etməyəcək: «Bunun üçün qonşu ölkələrin təcrübəsindən istifadə etmək olar. Türkiyədə 1980-ci illərdə normal dini təhsilin də verildiyi «imam xətib» deyilən məktəblər təsis edildi. İnsanlar könüllü şəkildə həmin məktəblərdə də təhsil ala bilərdilər. Əgər bizdə də belə təhsil verən məktəblər olsa, oranı  bitirənlər sonralar məscidlərdə axund, molla kimi fəaliyyət göstərə bilərlər. Dövlət isə həmin şəxslərə əmək haqqı ödəyər. Bütün bunlar isə müsbət nəticə verə bilər». 


OXŞAR XƏBƏRLƏR