Kamran Əsədov: "Biz şagird qiymətləndirməsi ilə müqayisə etsək görərik ki, şagirdlər müəllimlərindən çox bilir”
Şahlar Əsgərov: "Həmin 300 müəllim saxta diplomlar alıb, işə düzələnlərdir”
Məlahət Mürşüdlü: "Həmin müəllimlərin məktəblərdə fəaliyyətinə son verilməli və onlar təhsil sahəsindən uzaqlaşdırılmalıdır”
Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7426 nəfərin iştirak etdiyini vurğulayan təhsil eksperti Kamran Əsədov iki gün öncə jurnalistlərə açıqlamasında qeyd edib ki, imtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb. Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib.
Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılması vacibdir: "Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar”.
Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov diaqnostik qiymətləndirmədə 0 bal toplayan müəllimlər haqqında paylaşılan məlumatların heç bir rəsmi istinad mənbəyi olmadığını və həqiqəti əks etdirmədiyini deyib. Qurum rəsmisinin sözlərinə görə, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub: "Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 faizdən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur”. C.Valehov qeyd edib ki, eyni zamanda bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb.
Məsələ ilə bağlı yenidən "Şərq”ə danışan Kamran Əsədov deyib ki, nazirlik əməkdaşı onun rəsmi olmayan, şəxsi münasibətlər zəminində, ən əsası da Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq əldə etdiyi məlumatların həqiqətə uyğun olmadığını bildirməsi absurddur:
"İlk növbədə Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi məlumatlar arasındakı uyğunsuzluğa diqqət yetirək. Nazirlik əməkdaşının məlumatında qeyd olunub ki, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimi iştirak edib. Halbuki, bu rəqəm Təhsil Nazirliyinin rəsmi saytında təqdim etdiyi məlumatlarla üst-üstə düşmür. Böyük rəqəm ziddiyyəti var. Özlərinin təqdim etdiyi məlumatda uyğunsuzluq olduğu halda mənim tərəfimdən təqdim olunan məlumatın həqiqətə uyğun olmadığını yazırlar.
Sayta yerləşdirilən xəbərdə nazirliyin əməkdaşının dediyi kimi, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimi iştirak edib yox, 7500 nəfərdən çox müəllim iştirak etməsi göstərilib. Mənim əldə etdiyim məlumatda isə diaqnostik imtahanda burdan 7426 müəllim iştirak etməsi göstərilib. Mənim tədqim etdiyim rəqəmlər Təhsil Nazirliyinin təqdim etdiyi rəqəmlərə daha yaxındır.
Bundan əlavə, 7163 müəllimindən 1152 nəfəri 80 faizdən yuxarı nəticə qazanmağı ilə bağlı nazirliyin rəsmisi qeyd edir. Bəs yerdə qalan 6011 müəllimin nəticəsi necədir? Müqayisə edək, 2014-cü ildə Bakı şəhərində keçirilmiş imtahanla (Təhsil Nazirliyi, "Hesabat 2015” jurnalı, səh 18, diaqram 1 və diaqram2) , Bakı şəhərində 28.758 nəfər iştirak etmişdi ki, onlardan 18,2 faizi əla (80 faizdən çox), 57,6 faizi yaxşı (10-80 faiz arası), 24,2 faizi 10-faizdən aşağı nəticə göstərmişdi ki, bu da biliyin qiymətləndirilməsi qaydalarına görə 2 və ya 0 bal hesab olunur.
Belə ki, ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının 5.3.cü maddəsinə görə, diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qiymətləndirmə meyarlarına görə 0-10 bal toplayan neçə alır? Əlbəttə ki, 2. Bu da 0 bal deməkdir. Qiymətləndirmənin əsasları ilə baxsaq, əlbəttə ki, bu nəticə ortaya çıxacaq. Biz şagird qiymətləndirməsi ilə müqayisə etsək görərik ki, şagirdlər müəllimlərindən çox bilir. Özünün 10 faizlik savadı olmayan müəllim, şagirdə necə bilik verə bilər?
Təki bizim müəllimlərin biliyi, savadı, peşəkarlığı həmişə yüksək olsun.
Təhsilin inkişafını mənim qədər çətin ki, istəyən olsun. Əlbəttə ki, təmənnasız olaraq bunun üçün əlimdən gələni etmişəm, edirəm və edəcəm. Amma təəssüflər olsun ki, kimlərsə papadan artıq katolik olmaq istəyir”.
300 müəllimin tədris etdiyi fəndən 0 qiyməti almasına münasibət bildirən təhsil eksperti, professor Şahlar Əsgərov isə hesab edir ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi ona görə aparılır ki, savadsız müəllimlər aşkar olunsun və tədricən məktəblərdən uzaqlaşdırılsın: "Ali məktəb bitirməyən, diplomu bazardan, metrodan alan, öz ixtisasını bilməyən insanlar məktəblərdən uzaqlaşdırılacaq. Bu proses uğurla gedir. Dövlətin apardığı bu işi bütün təhsil ekspertləri, o cümlədən mən də dəstəkləyirəm”.
Professorun fikrincə, həmin 300 müəllim saxta diplomlar alıb, işə düzələnlərdir: "Bilirik ki, əvvəllər saxta diplomlar satılırdı. Sabiq təhsil naziri Misir Mərdanovun və hazırkı nazir Mikayıl Cabbarovun vaxtında da belə hallar aşkar olundu. Bu 300 müəllim də həmin saxta diplomların təzahürüdür. O vaxt Rusiyanın paytaxtı Moskvada metroda saxta diplom satırdılar. Mən onu parlamentdə də demişdim. Yəni metroda yaxınlaşırdın ki, mənə filan universitetin, filan fakültəsinin diplomu lazımdır. Sabah gedirdin 200 dollar ödəyirdin, o diplomu sənə verirdilər. Belə şeylər var idi. İndi Rusiyada da bunu yığışdırdılar. Azərbaycanda da saxta diplom satanları ifşa edirlər. Bir daha qeyd edirəm ki, diaqnostik qiymətləndirmə yolu ilə bu cür saxta diplomlar alıb, məktəblərdə çalışanları aşkarlayıb uzaqlaşdırırlar. Bu, yaxşı haldır”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu cür biabırçı nəticənin gözlənilən olmadığını deyib:
"Şəhərdəkilərdən fərqli olaraq, rayon məktəblərində fəaliyyət göstərən müəllimlərin
diaqnostik qiymətləndirməsinin keçid balı aşağı salınmışdı. 300 müəllimin özünün tədris etdiyi fəndən "0” bal alması vəziyyətin çox acınacaqlı olduğunu göstərir və həmin bölgədə təhsilin keyfiyyətinin aşağı olduğunun təsdiqidir. Bir nəfər deyil, beş nəfər deyil, 300 müəllimin "0” alması dəhşətli bir şeydir. Görünür, həmin insanlar universitet illərində davamiyyətlə bağlı ciddi problem yaşayan şəxslərdir ki, onların tədris etdikləri fənlərdən xəbərləri yoxdur. Bu müəllimlər necə diplom alıb, hansı ali təhsil ocağı onları məzun edib? Bütün bu suallara cavab tapmaq üçün çox ciddi araşdırma aparılmalıdır. İbtidai sinif Azərbaycan təhsilinin fundamentidir. Əgər təhsilin bu pilləsində axsamalar varsa, sözsüz ki, bu özünü yuxarı siniflərdə daha ciddi formada göstərəcək”.
M.Mürşüdlünün sözlərinə görə, həmin müəllimlərin məktəblərdə fəaliyyətinə son verilməli və onlar təhsil sahəsindən uzaqlaşdırılmalıdır. /// Şərq qəzeti