İş yerində qadınlara qarşı təzyiq

KÖŞƏ
21:35 07.02.2011
2304

İşgüzar qadın....Ələlxüsus da o gözəgəlimli və yaraşıqlıdırsa, bu əksər hallarda kişi kolleqalar arasında müzakirə, bəzənsə hətta mübahisə mövzusuna belə çevrilir. Əslində Azərbaycan kimi kifayət qədər konservativ dəyərlərə əsaslanan bir məmləkətdə Avropada geniş qalmaqallara səbəb olant seksual təqib haqda danışmaq bəlkə kimlərəsə yersiz görünə bilər. Əslində isə zorakılıqla bağlı məsələdə olduğu kimi, bu problemin də üzərindəki tabu onun yoxluğu ilə deyil, sadəcə bu haqda danışmağın elə təqib qurbanlarına xeyirdən çox ziyan gətirəcəyi ilə bağlı bərqərar olan fikirlə bağlıdır. Qadın nə vaxt bəyan edə bilər ki, ona iş yerində təzyiq göstərilir? Bu çox incə məqamdır və geniş təhlil tələb edir. Məsələn, kiməsə kompliment deyilməsi təqib sayıla bilərmi? Baxır necə?

Tərif yoxsa təqib?

Əgər bu kompliment qadın tərəfindən arzuolunmaz hesab edildiyi təqdirdə belə, davamlı formada təkrar edilirsə, hətta yaxın münasibətlərə eyham vurulursa, bu şəksiz təqibdir. Əlbəttə, belə halları kişinin işıə gələn qadına «Sən bu gün olduqca gözəl görünürsən» yaxud «Bu don sənə necə də yaraşır» deməsi kimi ibarələrlə qarışdırmaq lazım deyil. Həmçinin qadının arxasınca uzun-uzadı yönlənən baxışlar, eyhamlar, atmacalar - bunların da çərçivəsi mövcuddur. Bu kəsişmə xətlərinin müəyyən edilməsinə gəldikdə isə, əksər ölkələrdə iş yerində təqiblə bağlı mütəmadi təlimlər və treninqlər keçirilir. Məsələn, ABŞ-da olan təşkilatların hamısı üçün istisnasız qaydada qadınlara qarşı təqiblə mübarizə siyasəti yürütmək vacibdir. Bu siyasətin tərkib hissəi kimi ildə ən azı 2 dəfə treninqlər təşkil edilir. Əlbəttə ki, burada da problemlər yox deyil. Belə ki, treninq iştirakçılarından heç də hamısı iş yerində nə vaxtsa təqibə məruz qalması və yaxud hal-hazırda bu problemi yaşaması haqda açıqlama verməkdən çəkinmir. Əsas səbəb əlbəttə ki, işdən ayrılmaq məcburiyyətində qalma qorxusudur. Maraqlı nyüansdır ki, bəzən kişilər kimisə təqib etdiklərini asanlıqla boyunlarına alsalar belə, qadın bunu etiraf etməkdən təkidlə çəkinir. O reputasiyasına xələl gələcəyindən ehtiyat edir. Azərbaycanlı qadınlar da əksər hallarda məhz bu səbəbdən təqib faktını gizlədərək, hətta «güzəştə» belə gedirlər. «Adım çıxınca canım çıxsın» prinsipi bizim qadınların əleyhinə işləyən əsas amillərdəndir. Əsasən vəzifədə özündən daha yuxarı pillədə duran kişinin açıq-aşkar təqibini, hətta təhqirini belə udmasını qadının kollektivdə gözükölgəli dolaşmasından yaxa qurtarmaq istəyilə izah etmək olar. Lakin sirr deyil ki, çox zaman bu məsələ heç də gizlində qalmır. İstər məqsədinə çatan kişi , istərsə də heç nə əldə edə bilməyən səlahiyyət sahibi qadınla əlaqəsi olduğunu mütləq digərlərinin önündə büruzə verir. Birinci halda, özünü «təbliğatı» naminə... İkinci halda isə acıqdan....

Əl əli yuyar, əl isə üzü.....

Təbii ki, bu problemin də kökündə psixoloji məqamlarla bahəm sosial təzahürlər durur. Belə ki, qadının vəzifə ierarxiyasında irəliləmək üçün arxasının olması cəmiyyətin az qala yazılmamış qanununa çevrilib. Hətta bir çox qadınlar vəzifəli kişinin diqqətlini cəlb etmək üçün işə məqsədli şəkildə açıq-saçıq libaslarla gəlirlər. Təbii ki, bir neçə əcnəbi şirkət istisna olmaqla, diplomatik nümayəndəliklər istisna olmaqla, hələ ki, ölkəmizdə iş dress-kodunun daxili qaydalarla nizamlanması praktikası mövcud deyil. Əslində isə bu çox vacib məsələdir. Bəzən iş qadınının bu cür davranışının  əsasında sonradan vəzifə sahibini şantaj etmək niyyəti durur. Ya da kişiyə açıq-aşkar təklif edilərək, məqsədinə nail olandan sonra, qarşılığını görməyən qadın seksual təqib haqda həyəcan təbili çalır. Bu zaman isə artıq kimin haqlı, kimin haqsız oduğunu müəyyən etmək müşkül məsələyə çevrilir. Bu bir məqam...

Lakin əsasən bir çox təcrübəsiz qızların iş yerində təqib olunması, ona şirnikləndirici təkliflər edilməsi və əvəzində az qala qızıl dağlar vəd olunması bütövlükdə maddi imkansızlıqla bağlıdır. Cüzi maaşla dolana bilməyəcəyinin fərqinə varan xanım gec-tez ya birbaşa profilinə uyğun olan bu işi tərk etməsi, ya da şefin dediyilə razılaşıb, yumşaq kreslo sahibi olmaq pespektivini seçməsi dilemması qarşısında qalır. Bu seçim isə heç də həmişə təəssüf ki, xanımın istəyilə uzlaşmır. Problem Azərbaycanla bununla bağlı məhkəmə praktikasının demək olar ki, olmaması ilə daha ciddi xarakter alır.

Diskrinimasiya qurbanları

Yaxın Azərbaycan reallığından yenə de qayıdaq demokratik dəyərlərə sadiqliyilə öyünən qocaman Avropaya...Avropa komissiyasının son 10 ilin əməkhaqları ilə bağlı apardığı araşdırmaların nəticəsi diqqət çəkir. Belə ki, eyni pozisiyalarda çalışan qadın və kişilərin maaşları arasındakı fərq nə az, nə çox, orta hesabla 15 faiz təşkil edir. Rəhbər vəzifələrdə əsasən güclü cinsin nümayəndələrinin çalışması işəgötürənlərin qadınların ev qayğıları ilə məşğul olması, uşaq xəstələndiyi zaman tez-tez icazə alması, dekretə çıxması və sair səbəblərlə əlaqədar kişilərə daha çox üstünlük verməsindən irəli gəlir. Özü də maraqlı faktdır, yaş ötdükcə, əməkhaqları arasındakı fərq daha da çoxalır. Məsələn, 30 yaşadək olan qadın və kişilərin əməkhaqlarının fərqi 7 faiz, 50 yaşa yaxın isə artıq 30 faiz təşkil edir.

Gender ayrı-seçkiliyinin doğurduğu bu haqsız münasibət elə çox zaman müzakirə mövzumuz olan təqiblərin əsasında durur. Özünü işdə heç cür realizə edə bilməyən (maddi baxımdan və mənəvi aspektdə) qadın özünə güclü arxa axtararaq, çox zaman bacarığına uyğun gələn vəzifə pilləsinədək bu üsulla yüksəlməyi qərar alır. Nəticə isə.....Fikirlərimizi birlikdə bölüşək...

İlhamə Novruzova

Ladyradio.az

OXŞAR XƏBƏRLƏR