Günel Müəllimini ayaq üstə görmədən heç bir kütləvi informasiya vasitəsinə açıqlama verməyəcəyini deyir: "Necə üzüldüyümü heç kim təsəvvür edə bilməz. Baş verənlər məni çox sarsıdıb. Burada türk telekanalları hadisə ilə bağlı münasibətimi öyrənmək istədikcə, onlara deyirəm ki, Tatlısəsi ayaqda görməsəm, danışa bilmərəm”.
Günelin sözlərinə görə, ağlamaqdan halı pisləşib: “Vallah, ağlamaqdan gözlərim şişib. Yuxusuzluq isə lap mənim xarab edib. Mən onun ailəsinin bir üzvü sayılıram, o da mənim. Axı o, müəllimliklə yanaşı, mənəvi atama dönmüşdü. Allah onu bizə bağışladı. İndi hər saniyə onun sağalmağına dua edirəm . İnşallah, o, ayağa qalxacaq. Bizim hələ çox görüləcək işlərimiz, yaşayacağımız sevincli günlərimiz var”.
Müğənninin bu aralar yaradıcılığında görüləsi işləri çox idi. Günel Avropa turuna çıxmışdı. Müxtəlif şəhərlərdə konsert proqramları ilə çıxış edirdi. Bəs gorəsən, Günel onun tanınmasında böyük rolu olan müəllim İbrahim Tatlısəsin yanındadır, yoxsa konsertlərinə davam edir?
Müğənninin dediyinə görə, məlum hadisə baş verəndən sonra bir çox konsertlərini təxirə salıb. "Təki İbrahim abi bir az yaxşılaşsın. İndi Berlindəyəm. Dünən gecə onu ziyarət etdikdən sonra gəlmişəm bura. Burada azərbaycanlılara həsr olunan mərasim keçirilir. Bu gün səhnəyə çıxmalıyam. Heç bilmirəm necə çıxış edəcəyəm. Amma etməliyəm. Bunu mənə o - İbrahim abi öyrədib. O hər zaman deyir ki, nə olursa-olsun, halını tamaşaçıya bildirmə. Allah bizə yardım etsin, yaxşı xəbərlər eşidək. Hazırda özümü çox pis hiss edirəm. İbrahim Tatlısəsə qarşı edilənlərlə barışa bilmirəm. Mən onu çox sevirəm (qəhərləndi)".
Müğənninin sözlərinə görə, Azərbaycandakı bəzi kütləvi informasiya vasitələri onun İbrahim Tatlısəsin yanına getmədiyini yazır.
“Bakıda yazırlar ki, “Günel xəstəxanaya getməyib”. Xeyir! Bu, yalandır, şər atırlar. Mən bütün günü burada oluram. Bütün işimi bir kənara qoyub, gecəmi-gündüzümü burada keçirirəm. Olur ki, səhərə yaxın, saat 5-6 arası gəlirəm evə, 1-2 saatdan sonra yenidən qayıdıram xəstəxanaya. Mən heç onun yanına getməyə bilərəm?! İbrahim Tatlısəs mənim üçün təsəvvür etmədiyiniz qədər önəmli və sevimli adamdır. Odur ki, heç kim boş-boş danışmasın”, - Azəri Günel söylədi.
/// anspress