Yay vaxtına keçilməsi qadınlara da mənfi təsir göstərir. Belə ki, qadınlarda keçidlə əlaqədar olaraq baş verən hormonal dəyişikliklər zamanı doğuşların çətinləşməsi, xəstə uşaqların dünyaya gəlməsi baş verə bilər. Keçid dövrünü ən çox uşaqlar, yaşlılar, xroniki xəstələr daha ağır keçirir. Orqanizmin yeni saata öyrənməsi 1 həftə zaman aldığı üçün bu dövr metohəssas insanlar üçün çətin keçir.
Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsi üçün Uşaq Liqasının rəhbəri Yusif Bəkirov 1995-ci ildən bütün aidiyyatı qurumlara müraciət etsə də, hələ heç bir nəticə yoxdur. Onun sözlərinə görə, bu barədə artıq Avropa Məhkəməsinə də müraciət edilib. Y.Bəkirovun bildirdiyinə görə, yay vaxtına keçidlə əlaqədar bütün dünyada hərəkət var. Bütün ölkələrdə cəmiyyət dövlət qurumlarından yay vaxtına keçidi əsaslandırmağı tələb edir. "Biz yay vaxtına keçidlə bağlı Səhiyyə Nazirliyinə müraciət etmişik. Keçid dövrü insanların səhhətinə zərər vursa da, nazirlikdə bu işlə bağlı monitorinqlər aparılmır", - deyən həmsöhbətim yay vaxtına keçidin insanların sağlamlığına zərər vurduğunu bildirdi. Qurum rəhbərinin fikrincə, yay vaxtına keçidin ləğv olunması Milli Məclisdə də müzakirə edilməlidir.
Psixoloq Aydın Əfəndiyev də yay vaxtına keçidin insanlara mənfi təsir göstərməsi faktı ilə razılaşır. Müsahibim bildirir ki, intiharların artması məhz yay vaxtına keçid zamanı baş verir. "Yazın gəlişi insanlarda qanın qaynayan vaxtıdır. Əqrəblərin irəli çəkilməsi, insanın bioloji saatını pozduğu üçün bu stressə, depressiyaya səbəb olur. Nə qədər müəmmalı olsa da intiharların sayı da bu dövrdə kəskin surətdə artır. Mənim fikrimcə bu yuxusuzluqla əlaqədar olur".
A.Əfəndiyevin sözlərinə görə, əqrəblərin irəli çəkilməsi yuxusuzluğa səbəb olduğundan insanlarda normal düşüncə qabiliyyəti itir və normal düşüncəyə malik olmayan insan istənilən an intihar edə bilər. Bundan əlavə, psixoloq yay vaxtına keçidin azyaşlı uşaqlara da mənfi təsir göstərdiyini bildirir. Dediyinə görə, yuxusuzluq, iştahsızlıq, halsızlıq kimi hallar məhz bu dövrdə özünü biruzə verir.
Psixoloqun fikrincə, yay vaxtına keçid ləğv olunmasa da, analar öz övladlarına köhnə saatla qulluq etməlidirlər: "Əgər yay vaxtı ləğv edilmirsə, analar çalışmalıdırlar ki, körpələrini yeni rejimə alışdırsınlar. Məsələn, uşaq saat 21.00-da yatırdısa, ana hər gün 15 dəqiqə bunu geri çəkərək, 4 gün ərzində stabilləşdirə bilər".
"Ekspress" qəzeti