İstirahət üçün seçiminizi edin: Nabran yoxsa Antaliya (ARAŞDIRMA)

MARAQLI
17:54 16.07.2011
19014

Azərbaycanda da turizmin inkişafı üçün böyük potensial var. Son bir necə ildə bu sahənin inkişafı istiqəmətində xeyli işlər görülüb. 2011-ci ilin "Turizm ili" elan olunması ilə isə daha böyük perspektivlər vəd olundu.

Artıq turizm mövsümü başlayıb. Bəs görəsən turizm ili çərçivəsində hansı işlər görülüb və bugünkü mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?

Öncə paytaxt ərazisində fəaliyyət göstərən otellərin qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, dəniz kənarında yerləşən üç ulduzlu hər bir şəraiti olan otellərdə bir sutka qalmağın qiyməti 70-90 manatdır. Oteldəki lyuks otağın bir sutkalıq qiyməti 110 manat, bir həftə istirahət isə 1000-1500 manata başa gəlir. 4 ulduzlu Business Palace (4 ulduz) otelində qiymət 80 dollar, Delfin Hoteldə (3 ulduzlu) 115 dollar, Ambiance Hoteldə (4 ulduzlu) 120 dollar, Caspian Palace Hoteldə (3 ulduz) 120 dolar, Kichik Qala Hoteldə (3 ulduz) 125 dollar, Baku Palace Hoteldə (3 ulduz) 140 dollar, Park Inn Hoteldə (4 ulduz) 275 dollar, Sultan Inn Hoteldə (4 ulduz) 350 dolalar, Excelsior Hoteldə (4 ulduz) 300 dollar, Hyatt Regency Baku Hotelində (5 ulduz) 405 dollar, Park Hyatt Hotelində (5 ulduz) 465 dollardır.

Qeyd edək ki, ötənilki qiymətlərlə müqayisədə o qədər də kəskin fərq hiss olunmasa da otel əməkdaşları qiymətlərin aşağı endirildiyini, xidmət səviyyəsinin artırıldığını bildirdilər. Öyrəndik ki, Xəzər dənizində balıq tutmaq, sevdiyin insanla romantik dəniz səyahətinə çıxmaq və şəhərin səs-küydən uzaq olmaq istəyənlər üçün də endirimli xidmətlər təklif olunur. Belə ki, dəniz sahilində Bayraq meydanı tərəfdən saxlanılan 1001 gecə yaxtasında gəzintiyə çıxmağın 1 saatlıq qiyməti 200 manat, 2 saat 300 manat, 3-5 saatlıq 1 saatı 100 manatdır. Səyahət 5 saatdan çox davam edərsə qiymətdə daha çox endirim təklif olunur.

Turbazalardan endirimli xidmət təklifi

Bakı Səyahət və Ekskursiya Bürosunun rəhbəri Ağalar Hacıyev isə bildirdi ki, bu il endirimlər ölkə ərazisində fəaliyyət göstərən bütün tur bazalarda təklif olunur: “Turistlər daha çox Nabrana maraq göstərirlər. Hazırda Nabrana sifarişlər digər ərazilərdən daha çoxdur. Qiymətlər ötən ilkindən fərqli olaraq endirimlə təklif olunur. Məsələn ötən il, “Xan çinar” istirahət mərkəzində 1 nəfər üçün qiymət 30 manat idisə, bu il qiymətlər 25 manatdır. 3 dəfə yemək və yüksək xidmət bu qiymətə daxildir. “Atlant”a qiymətlər 60-70 manatdan 40 manata, “Palermada” 30 manatdan 25 manata endirilib. Endirimli tur paketlər digər bölgələrdə də təklif olunur. Qusarın “Qaya bulaq” istirahət mərkəzi 30 manata 3 dəfə yeməkdə daxil olmaqla turistləri qəbul edir. Qəbələnin istirahət mərkəzlərində qiymətlər isə orta hesabla 40 manatdır”.
A. Hacıyev turbazaların qiymətlərinin bunda da aşağı salmağın mümkün olmadığını deyir: “İstirahət mərkəzlərinin saxlanılması, kommunal xərclər, infrastruktur, yüksək səviyyədə xidmət və s. maliyyə tələb edir. Ona gərə də istirahət mərkəzləri gördükləri işin müqabilində qiymət təklif edirlər. Əminliklə deyə bilərəm ki, bu gün Nabrandakı turbazaların əksəriyyətində təklif olunan xidmətin səviyyəsi Antalyadan heç də geri qalmır. Ancaq nədənsə yerli əhali Antalyanı üstün tutur. Nəzərə almaq lazımdır ki, bizdə bu sahə yeni inkişafdadır və artıq kifayət qədər işlər görülüb”.

Turistlərin sayı artıb

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmayılov isə deyir ki, bu il endirimlər bütün turizm obyektlərində hiss olunur: “Nazirlik tərəfindən bütün regionlarda monitorinqlər aparılır. Turizm obyektlərinin işinə nəzarət olunur, xidmətin yaxşılaşdırılması, qiymətlərin endirilməsi ilə bağlı, tövsiyələr verilir. Artıq bütün regionlarda bu istiqamətlə işlər görülüb. Həm cənub, həm şimal-qərb, həm də qərbdə yerləşən istirahət mərkəzlərində endirimli qiymətlər təklif olunur. Qiymətlərin aşağı olması üçün rəqabətin olması vacibdir. Bu il acılan yeni tur bazalar endirim etməyə imkan yaratdı. Hazırda istirahət mərkəzlərində 10- 80 manat arası xidmətlər təklif olunur. Sözsüz ki, qiymətlər tələbat çox olan istirahət obyektlərində daha yüksəkdir. Bu bütün dünyada belədir. Ümumilikdə ötən ilki ilə müqayisədə bu ilki mövsümdə 15-20 faiz endirim var”.
A.İsmayılov turistlərin daha çox Nabrana, Xaçmaza, Şəkiyə, Qəbələyə, Qaxa maraq göstərdiklərini dedi: “Turizm ili çərçivəsində tikilən turizm obyektlərinin sayı xeyli artıb. Son on gündə üç yeni otel istifadəyə verilib. İlin sonuna kimi, daha bir necə otelin istifadəyə verilməsi nəzərdə tutulub”.

Xarici səyahətə maraq azalmır

Bütün bunlara baxmayaraq hələ də, ölkədən kənarda səyahət etmək istəyənlərin sayı kifayət qədər çoxdur. Bu il xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı 27,6 faiz artaraq 44,7 min nəfərə çatıb. "Səyahət" turizm şirkətindən bildirildi ki maraq daha çox dəniz kənarında yerləşən üç ulduzlu, hər bir şəraiti olan hotelləridir: “Orta qiymət 70-90 manat arasında dəyişir. Lüks otellərdə yüksək səviyyəli xidmət təklif olunur. Məşhur Maldiv adalarında 215-565 manat, Ukraynaya 675-750 manat, Latviya çimərliklərində istirahət 355-670 manat, Hilton hotelində 445 manat, 4 ulduzlu Qran star hoteldə 219 manat, 3 ulduzlu Antea hoteldə 175 manatdır. Antaliyada 7 günlük səyahət isə 399 manata təklif olunur. Yunanıstana səyahətin qiyməti isə 466-544 manat arasında dəyişir”.

Milli adətlərimiz təbliğ olunmalıdır

"Azərbaycan mehmanxana kompleksləri assosiasiyası" İctimai Birliyinin otel meneceri Müzəffər Ağakərimov hesab edir ki, qiymətlər endirilsə də, hələ də turizm obyektlərində çatmazlıqlar var: “Otellərdə çalışan ofisiant, aşpaz, xidmətçilərin qulluq səviyyəsi hələ də lazımı standartlara cavab vermir. Bu sahədə uğur əldə etmək üçün yalnız pul götürmək haqda düşünmək kifayət deyil. Bu il turizm ilidir, qarsıda "Eurovision" mahnı müsabiqəsi gəlir. Turizm mərkəzlərində milli adət ən-ənələrimizin tətbiqi üçün yaxsı fürsət yaranıb. Məsələn, gələn qonağa indiki kimi, Avropa yeməkləri yox, milli yeməklər təklif olunmalı, milli musiqi səslənməlidir. Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən broşurlar verilməlidir. Xarici qonaqlarla işləyən otel işçiləri və ofisiantların xarici dil bilməsi də vacibdir. Bu gün peşəkar bələdçi-ekskursiya rəhbərlərinin olmaması da problem olaraq qalır. Turistin ölkədən xoş təəssüratlarla ayrılması üçün onlara ölkənin mədəni, milli dəyərləri, iqtisadiyyatı, tarixi ilə bağlı dəqiq məlumatlar vermək yerinə düşər. Ancaq hazırkı istirahət mərkəzlərində, otellərdə, restoranlarda bu məqamlara önəm verilmir. Turizmin inkişaf etdiyi qonşu Türkiyə, həmçinin Kipr, Bolqarıstan, İtaliya, Yunanıstan, İspaniya, İsrail, Misir və bir çox digər ölkələrdə bu kimi amillərə xüsusi diqqət verilir. Orada əldə olunan uğurın səbəbi də turizmlə bağlı bütün incəliklərin nəzərə alınmasıdır”.

 

OXŞAR XƏBƏRLƏR