""3+3" görüşü bütövlükdə regionun dirçəldilməsinə xidmət edən çox önəmli layihələrdən biridir".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bu gün Tehranda baş tutacaq XİN başçılarının "3+3" formatındakı görüşündən danışarkən deyib.
Politoloq hesab edir ki, bu görüş formatı bölgənin taleyini kökündən dəyişəcək:
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif edilən, daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu təklifin gücləndirilməsi ilə gündəmə gələn "3+3" görüşü ümumən bölgənin taleyini tamamilə dəyişəcək yeni bir layihədir. Artıq uzun müddətdir ki, Azərbaycan "3+3" formatının təkcə siyasi deyil, həm də iqtisadi və bir çox sahələr üzrə əhəmiyyətini vurğulayıb. Lakin buna baxmayaraq Azərbaycanın da özəlliklə bu məsələdə bütün prinsipial rəylərinə, mövqeyinə rəğmən "3+3" formatı 6 ölkəni əhatə etdiyi üçün və bu gün Rusiya arasında olan münaqişəyə görə Gürcüstanın qatılmasına nəzər yetirdikdə 5 ölkənin müxtəlif rəhbər şəxslərinin vaxtaşırı bir araya gəlməyi məsələsi bir qədər çətin olur, amma istənilən halda bu formatın daha işlək olmasını təmin etmək üçün "3+3"ə daxil olan ölkələrin XİN rəhbərlərinin və başqa vəzifəli şəxslərinin görüşlərinin daha tez keçirilməsi lazımdır".
Siyasi şərhçi görüşdən gözləntilərini də açıqlayıb:
"Bu görüşdən gözləntilərimiz çoxdur. Əvvəla, hesab edirəm ki, "3+3" Zəngəzur dəhlizinin reallaşması ilə bağlı ortaya iradə qoymalıdır. Baxmayaraq ki, bu formatda təmsil olunan ölkələrin bəzilərinin mövqelərində müəyyən fərqlər var. Amma çoxluğun bu formatdakı fikirləri müəyyən düşüncə ayrılıqlarının aradan qalxmasına səbəb olacaq. Ən əsası, qeyd edək ki, bu gün bir sıra təşkilatlar mövcuddur. "3+3" formatındakı görüşlər gələcəkdə Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Gürcüstanın qatıldığı yeni formatlı bir siyasi təşkilatın ərsəyə gəlməyinə səbəb ola bilər".
Mikayıl Mirzəzadə