Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi Okinavada yerli qadının qətlində şübhəli bilinən ABŞ dəniz piyadası ilə bağlı ABŞ-nin Tokiodakı səfiri Corc Qlassı çağıraraq etirazını bildirib.
AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Moteqi hadisəni "son dərəcə qəddar və dəhşətli" adlandıraraq ABŞ tərəfinə qəti etirazını çatdırıb. Nazir istintaqla bağlı tam əməkdaşlıq edilməsini, Yaponiyada xidmət edən ABŞ hərbçiləri arasında intizamın gücləndirilməsini və oxşar hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edib.
Yaponiyanın müdafiə naziri Sindziro Koizumi də hadisə ilə əlaqədar ABŞ hərbi komandanlığına etiraz bildirildiyini açıqlayıb.
Yapon mediasının məlumatına görə, Okinava polisi yerli qadının qarət edilməsi və qətlə yetirilməsi şübhəsi ilə 20 yaşlı ABŞ dəniz piyadasını saxlayıb. Hərbçinin Okinavadakı Futenma aviabazasında xidmət etdiyi bildirilir.
Polisin məlumatına əsasən, 39 yaşlı qadının meyiti yerli hotellərdən birinin otağında aşkarlanıb. Müşahidə kameralarının görüntülərində şübhəlinin qadınla birlikdə otağa daxil olduğu, bir müddət sonra isə otağı tək tərk etdiyi görünür. Qadının şəxsi əşyalarının da itdiyi bildirilir.
Şübhəli şəxs dindirmə zamanı ona qarşı irəli sürülən ittihamları tamamilə rədd edib. ABŞ Dəniz Piyadaları Korpusu isə mərhumun ailəsinə dərin hüznlə başsağlığı verərək Yaponiya hakimiyyətinə istintaqda yardım göstərdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-nin Yaponiyadakı hərbi obyektlərinin ərazisinin 70 faizdən çoxu Okinavada yerləşir. Adada ABŞ-nin ölkə xaricindəki ən böyük hərbi hava bazalarından biri olan Kadena aviabazası da fəaliyyət göstərir.











































