Avropanın ən təmiz şəhəri seçilib. Ekoloji təmiz şəhəri Avropa Komissiyası ekoloji təşkilatların rəhbərləri ilə birgə seçib. 34 namizədin iştirak etdiyi müsabiqədə ən təmiz şəhər adına Almaniyanın Hamburq şəhəri layiq görülüb. "Yaşıl" reytinq siyahısında havanın təmizliyi, səs-küyün səviyyəsi, eləcə də şəhərin gələcəklə bağlı planları nəzərə alınıb.
Bu şəhərdə ildə bir neçə dəfə "avtomobilsiz həftəsonu" elan edilir. Bundan əlavə şəhərdə iqlimi qoruma proqramı var. Hər il proqrama 25 milyon avro vəsait ayrılır. 2020-ci ilə qədər Hamburq karbon qazı tullantılarını 40 faiz, 2050-ci ilə kimi 80 faiz azaltmaq niyyətindədir. Ancaq bunun necə həyata keçiriləcəyi hələ açıqlanmayıb.
Lakin Hamburqun da çatışmazlıqları var. Belə ki, bu şəhərdə zibilin utilizasiyası da (təkar emalı) çox pis vəziyyətdədir. Şəhərdə Almaniyanın əksər şəhərlərində olan tullantıların ayrılmasına hələ ötən il keçilib. Bundan əlavə, Hamburqun yaxınlığında böyük elektrik stansiyası tikilir. Bu da ekoloji cəhətdən ən təmiz şəhərdə karbon qazının daha da artacağını deməyə əsas verir. //Ans Press