AZXEBER.COM xəbər verir ki, bu sözləri "Yeni Sabah”a Yasamalda baş verən yanğında xəsarət almış Ləman Qulamovanın xalası deyib.
O, bildirib ki, Ləmanın vəziyyəti ağır olaraq qalır:
"Fevral ayında "Yeni Klinika”da Ləmanın qida borusu ilə traxeyası arasında 6 sm ölçüdə fistul (yırtıq) aşkar olundu. Bu, son dərəcə riskli və həyati təhlükə yaradan bir vəziyyət idi.Dərhal açıq əməliyyat həyata keçirildi. Əməliyyatdan sonra 1 ay gözləmə müddəti tamamlandıqdan sonra kontrastlı rentgen müayinəsi edildi. Təəssüf ki, yara tam bitişməmiş, kiçik dəliklər qalmaqda davam etmişdi.
Bu müddət ərzində Ləmana düz 4 ay boyunca nə su, nə də qida verildi. Bunun əsas səbəbi həmin dəliklərdən keçən axıntının ağciyərlərə dolaraq ağır pnevmoniya yaratma riskinin qarşısını almaq idi.
Vəziyyətin daha da ağırlaşmaması və endoskopik müdaxilə imkanlarının dəyərləndirilməsi üçün təcili şəkildə Türkiyəyə gətirildi.
2000-ci il təvəllüdlü L.Qulamova ötən gün yenidən əməliyyat olunub:
"Dünən Ləmana yenidən traxeya stenti taxıldı. Hazırda həkimlər iki fərqli müalicə yolu üzərində müzakirələr aparırlar: 2 həftə sonra selikli qişa toxumasının köçürülməsi əməliyyatı, və ya xaricdən xüsusi sifarişlə gətiriləcək ömürlük xüsusi stentin yerləşdirilməsi.
Dualarınıza və dəstəyinizə çox ehtiyacımız var”.
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər ölüb. Onlardan biri Bakı Milli Geyim Evinin rəhbəri, 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır (Könül Vəlibəyli).
Onun qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, uzun müddət Bakıda müalicə aldıqdan sonra Türkiyəyə aparılıb.











































