"Gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə dəyişikliyi "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə salınıb.
AZXEBER.COM xəbər verir ki, qanun qəbul ediləcəyi təqdirdə yaşı 35-dən çox olan şəxslər təşkilat sədri və təsisçi ola bilməyəcək.
Bu məsələdən sonra bir qrup gənclər təşkilat sədri Prezidentə müraciət edib və gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə dəyişikliyin "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən çıxarılmasını xahiş ediblər
AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq jurnalistlər arasında sorğu keçirib.
![](https://ssl.azxeber.com/file/pic/xeber/2019-02/1550481145_02.jpg)
Siyasi şərhçi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət qanun layihəsini dəstəklədiyini deyib: "Bu çoxdan lazım idi. 40-50 yaşında gənclər təşkilatı sədrliyi doğru bir şey deyil. O "gənclər" vaxtında istefa verməliydilər. Mənim kimi. Yoxsa bu adamlar təşkilat sədrliyində qocalıb gedəcəklər. Bəs yeni nəsilə yolu kim açacaq?"
Qeyd edək ki, Azər Həsrət bir müddət öncə rəhbəri olduğunu təşkilatdan istefa verdiyini və gənclərə yol açdığını açıqlamışdı.
"İnterpress.az" və "Diasporpress.az" saytının rəhbəri Toğrul Allahverdili isə hesab edir ki, gənclərin yaş həddi ilə bağlı qanun qəbul etməzdən öncə Gənclər və İdman Nazirliyinin rəhbərliyində duran şəxslərin də yaşına nəzər yetirmək lazımdır: "Zənnimcə, bu, tam yerində irəli sürülmüş təklifdir. Amma çox yaxşı olardı ki, təklif edilən qanun layihəsində qeyd olunan yaş həddi təşkilat sədrlərinə şamil olunsun. Təsisçilərə şamil olunmasını isə düzgün hesab etmirəm. Çünki bir fəal yaratdığı təşkilatı müəyyən yaş həddini keçdiyinə görə kiməsə vermək və ləğv etmək məcburiyyətində qalmamalıdır. Sədrlər üçün isə nəzərdə tutulan yaş həddi uğurlu addımdır. Gənclərlə bağlı təşkilatın sədri də gənc olmalıdır.
Bu, dünya təcrübəsində də bir qayda olaraq belədir. Qanun qəbul etməzdən öncə dünya praktikasına nəzər yetirmək məsələni yüz ölçüb, bir biçmək deməkdir. Ona görə də hesab edirəm ki, yaş həddi ilə bağlı nəzərdə tutulan məhdudiyyətlərə ilk olaraq Gənclər və İdman Nazirliyindən başlanmalıdır. Bu ölkəmizdə gənclər təşkilatlarını ən çox narahat edən bir məsələyə çevrilib. Çünki gənclərlə bağlı olan bir qurumun rəhbər şəxsləri demək olar ki, az qala ahıl yaşlarındadırlar. Ona görə düşünürəm ki, Milli Məclis təklif edilən bu qanuna yenidən baxmalı və məsələyə obyektiv münasibət bildirməlidir. Ölkə başçısının uğurlu gənclər siyasəti son 16 ildə ictimai-siyasi sektorda gənclərin fəallığını artırıb.
Gənclər arasında aparılan maarifləndirici təbliğatlar və dövlət tərəfindən gənclərə göstərilən qayğı ölkə əhalisinin müəyyən hissəsini təşkil edən bu təbəqənin aktivliyinə də müsbət təsirlər aşılayıb. Son təyinatlarla bağlı Cənab Prezidentin yüksək vəzifələri gənclərə həvalə etməsi Azərbaycan iqtidarının gənclərə göstərdiyi etimadın bariz nümunəsidir. Məhz bu təyinatlar Azərbaycanda yürüdülən gənclər siyasətinin uğurlarından biridir".
Minval.info xəbər saytının rəhbəri Məhəmməd Türkmən də qanun layihəsini dəstəklədiyini deyib: "Adından da bəlli olduğu kimi burada gənclərə yer verilməlidir. Yaşı 35-dən çox olanlar bunu nəzərə almalıdırlar. Hə, 35 yaşı 40-a çəkmək olar. Amma qərar qüvvədə qalmalıdır. Ümumiyyətlə son dövrlər ölkəmizdə gəncləşmə siyasəti aparılır. Zamanla bunu daha da çox hiss edəcəyik. Gənclər yeni ideyalar, düşüncə ilə gəlir. Dövrün tələbini yaxşı anlayır və ona ayaq uydura bilirlər. Təşkilat sədrləri öz yerlərini daha gənc birinə təhvil verməyi yavaş-yavaş öyrənməlidir".
AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də gənclərə yol verilməsinin tərəfdarı olduğunu deyib: "Bu gün Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Gənclər ən müxtəlif sahələrdə önə çəkilir. Düşünürəm ki. bu qanun layihəsi də gənclərin töhfəsinə, inkişafına hesablanıb. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu gün 35-50 yaş arası elə gənclər təşkilatı sədrləri var ki, onlar gənclər siyasətinin yürüdülməsində yaxından iştirak edib, onları kənara atmaq da düzgün deyil. Düşünürəm ki, bununla bağlı da mexanizm olmalıdır. Ancaq ümumilikdə, gənclərə yol verən, onların dəstəyi üçün atılan hər addım təqdirəlayiqdir. Yaxşı olar ki, gənclər idarələrinin 50-60-70 yaşlı rəislərinə də bu qanun tətbiq olunsun. 60 yaşlı bir insan 17 yaşlı gəncin istəyini necə yerinə yetirə bilər?